Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazaxın sərhəd kəndi olan Məzəmdə sakinlərlə görüşüb
Bu gün Qazaxda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib.
Müşavirədə iştirak edən Vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir başa çatdıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndində olub, nazirliyin rəhbərliyi adından səmimi salamlarını çatdırıb, sakinlərin qayğıları ilə maraqlanıb.
Kənd sakinləri ilə səmimi söhbət edən nazir müavininə bildirilib ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq 25 ildən çoxdur ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Bu gün daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də məhz rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd 8 nəfər şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Nazir müavini ilə səmimi söhbət edən sakinlər bildiriblər ki, bu gün düşmənin postu ilə aramızda 50 metr məsafə olmasına baxmayaraq biz yenə də mətin dayanmışıq. Elan olunmamış müharibə nəticəsində bu kənd də xeyli sayda şəhid verib. Düşmən gülləsinə tuş gələn kənd sakininin ən kiçiyinin yaşı 11, ən yaşlısının isə 60 yaşı olub. Bu kənd düşmən tərəfindən dağıdılsa da bu gün dövlətimiz və dövlət başçımız İlham Əliyev tərəfindən yenidən qurulub. Çıxış edənlər qeyd ediblər ki, hər an düşmən mövqelərindən atəşə məruz qalan biz kənd sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Biz sakinlərin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Sakinlər dövlət və dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğının rayon rəhbərliyi tərəfindən də olduğu kimi icra edildiyini bildiriblər. Rayon rəhbəri tərəfindən görülən işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının, bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarının çəkildiyini qeyd ediblər. Həmin istinad divarları sayəsində xeyli sayda kənd sakininin öz evlərinə qayıtdıqlarını, təsərrüfatlarını bərpa etdiklərini bildiriblər. Bu gün kənddə yaşayan 41 ailə üçün hər cür şəraitin yaradıldığını – 100 faiz limitsiz təbii qazla, elektrik enerjisi ilə təmin olunduqlarını söyləyiblər. Rayonda SİP kabelləşmənin ilk olaraq məhz sərhəd kəndlərindən başlanıldığını diqqətə çatdırıblar.
Çıxış edən kənd sakinləri ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sülh yolu ilə düşmən tapdağında olan torpaqlarımızın azad ediləcəyini, qısa bir vaxtda yurd həsrəti çəkən soydaşlarımızın öz doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını söyləyiblər. Əks halda sərhəddə yaşayan kənd sakinləri olaraq ordumuzla birlikdə öz ata-baba yurdumuz olan torpaqları qaytarmağa hər an hazır olduqlarını qeyd ediblər.
Düşmənlə sərhəddə yaşayan sakinləri əsl qəhrəman adlandıran nazir müavini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə pis günlərin arxada qalacağını, düşmənin öz layiqli cavabını alacağını qeyd edib. Sakinlərlə söhbət edən S.Ələkbərov kənddə qarşısına istinad divarı çəkilmiş evlərə də baxıb.