Çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri sürətlə davam etdirilir
Son 3 ildə Qazaxda geniş vüsət alan işlərdən biri də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 140-a yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb. Yerdə qalan binalarda isə işlərə böyük sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabani 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabani 25 saylı binalarda olub görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, hazırda hər iki binanın xarici fasadında suvaq, bloklarında isə üzləmə işləri görülür.
Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda işlərin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.