Qazaxlı fermerlər 33 tondan çox qurudulmuş tütün təhvil veriblər
Son illər ölkə Prezidenti İlham Əliyevin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na əsasən respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Ölkə rəhbərinin tütünçülüyün inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri uğurla həyata keçirən rayonlardan biri də Qazax rayonudur. Belə ki, bu il artıq dördüncü ildir ki, rayonda tütün becərilir. Kənd təsərrüfatında iqtisadi cəhətdən gəlirli sahə hesab edilən, çəkisinə görə böyük potensiala malik olan tütünçülüyün inkişaf etdirilməsi rayonda yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan cari ildə rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. Əvvəlki illərdə yüksək nəticə əldə edən tütünçülər bu il də daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq bir neçə aydır ki, tütün dərimi davam edir. Tütün dəriminin vaxtında və itkisiz başa çatdırılması üçün dərilmiş məhsul əkin sahələrinin yaxınlığında hazırlanmış xüsusi yerlərdə ipə düzülərək qurudulur. Vaxtında göstərilən qulluğun nəticəsidir ki, kənd sakinləri sahələrdən istədikləri tütünü yığırlar. Bu günədək 421 ton yaş tütün tədarük edilib. 33 tondan çox qurudulmuş tütün isə "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə davam edir.
Məlumat üçün qeyd edək ki, 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirən təsərrüfat sahibləri həmin sahələrdən 80 tondan çox məhsul götürüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.