Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə təşkil olunan növbəti səyyar görüşlərdən biri rayonun Birinci Şıxlı kənd sakinləri ilə keçirilib. Bugünkü görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Son illər respublikamızın bölgələrində, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Bu gün sizlərlə səkkizinci dəfədir ki, görüşürəm”, - deyən icra başçısı keçirilən səyyar görüşün məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Görüşdə son 3 ildə rayonda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan da söz açılıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu təbəqədən olan insanlara xüsusi həssaslıqla yanaşdığını bildirib və bu sahədə görülən işləri diqqətə çatdırıb. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bu sahədə görülən işlərin bariz nümunəsi olduğunu qeyd edib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da 287 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin daha bir əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri Qarabağ müharibəsi əlillərinə ödənişsiz torpaq sahəsinin verilməsini, eləcə də onlar üçün dövlət tərəfindən fərdi yaşayış evlərinin tikilməsini onlara olan diqqət və qayğının göstəricisi olduğunu bildirib. Məcburi köçkün ailələrinə göstərilən qayğıdan danışan icra başçısı Qazaxda da bu təbəqədən olan insanlara hər zaman həssas münasibət bəslənildiyini, daim qayğıları ilə maraqlanıldığını diqqətə çatdırıb. Məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış qəsəbədə onlar üçün yaradılan şəraitdən danışan rayon rəhbəri daha 307 məcburi köçkün ailəsi üçün yeni çoxmənzilli yaşayış binalarının tikilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Rayon rəhbəri görüşdə Respublika Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan da söz açıb. Sosial paketin icrası ilə bağlı imzalanmış Sərəncamları, həmin Sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Son 3 ildə Qazaxda bütün sahələr üzrə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı hazırda rayonda görülən işlərdən söhbət açıb. Su-kanalizasiya sisteminin yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunda aparılan son tamamlanma işlərini misal olaraq göstərib.
Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan artıq 140-a yaxın binanın əsaslı təmir olunduğunu və bu sahədə görülən işlərin sürətlə davam etdirildiyini bildirib.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan söz açan icra başçısı bu sahədə görülən işlərin geniş miqyas aldığını vurğulayıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Birinci Şıxlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol çəkilişinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib.
İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin əksini tapdığını bildirib. Heydər Əliyev Fondu tərəfindən həmin proqramda təmiri nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin hazırda əsaslı şəkildə yenidən qurulduğunu qeyd edib. Daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını vurğulayıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.
İcra başçısı Birinci Şıxlı kəndində həlli vacib olan içməli su məsələsi ilə bağlı nəzərdə tutulan işlərdən də danışıb. Rayon rəhbəri bu məsələnin birdəfəlik müsbət həllini tapması üçün Kür çayından su çəkilməsinin və təmizləyici qurğunun qoyulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sakinlərdən ağsaqqal Şəmşəd İbrahimov, Fazil Süleymanov, Eldar Əliyev, Məmməd Məmmədov, Məhərrəm Bəşirov, Birinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Kətanə Alıyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, eləcə də kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun Birinci Şıxlı kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Çıxış edənlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin bu gün Qazaxda olduğu kimi icra olunmasını vurğulayaraq onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələləri – kəndin arasından keçən magistral avtomobil yolunun işıqlandırılması, kənd ərazisində qəzalı vəziyyətdə olan köhnə elektrik dayaqlarının dəyişdirilməsi, kənd qəbiristanlığının ətrafına metal torun çəkilməsi və digər müxtəlif səpkili məsələləri qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Bəzi məsələlərlə bağlı yerindəcə tapşırıq verib.