Prezident Administrasiyasının məsul işçiləri Qazaxda vətəndaşları qəbul ediblər
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 26-da Mingəçevir şəhərində, Ağdaş, Hacıqabul, Kürdəmir və Qazax rayonlarında vətəndaşlarla görüşlər keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qazaxda keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin də dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.