İcra başçısı "Gedik-Carçı” Elektrod Zavodunda olub
Son illər Azərbaycan gündən-günə inkişaf edən bir ölkə kimi dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrlə yanaşı yeni sənaye müəssisələrinin yaradılması istiqamətində də məqsədyönlü işlər görür. Bunu son illər ölkəmizdə inşa olunan sənaye müəssisələrinin sayının ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Bu gün təqdirəlayiq hal isə odur ki, paytaxt Baki ilə yanaşı bütün bölgələrimizdə də bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Rayonda yeni sənaye müəssisələrinin yaradılması da bu dediklərimizin əyani sübutudur.
Qazaxda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı ilə yanaşı həm də rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyətə malikdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin zavoda baş çəkib, mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub.
Bildirilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.
Qeyd olunub ki, Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur. Zavodda olan bütün avadanlıqlar müasir standartlara cavab verən səviyyədədir. İstehsal olunan məhsulun keyfiyyətinə də xüsusi diqqət ayrılır. Bildirilib ki, bu gün ilk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xairici bazara da öz məhsullarını ixrac etməyi planlaşdırır.
Rayon rəhbəri sonra icra aparatının məsul işçiləri və aidiyyatı xidmət sahələrinin rəhbərləri ilə birlikdə şəhərin bir neçə küçəsində olub. Payız-qış mövsümü ilə əlaqədar sakinlərin fasiləsiz elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərlə yüksək səviyyədə təmin olunması ilə bağlı aidiyyatı xidmət sahələrinin rəhbərlərinə görəcəkləri işlər barədə tapşırıq verib.