Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

30 sentyabr 2019 | 16:00

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür. Bu gün Qazaxda Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU Qazax filialının Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, universitetin əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, müəllim və tələbələri Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Respublika Prezidenti cənab İlham Əliyevin elmə, təhsilə, ziyalılara verdiyi yüksək dəyər və qiymətdən söz açan A.Rüstəmov Qazaxla, ziyalılarla bağlı dövlət başçısının imzaladığı Sərəncamların bu gün də qazaxlılar tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırıb. 2017-ci ilin 14 noyabrında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin, 2018-ci ilin 3 noyabrında Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin, 2019-cu ilin 28 yanvarında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin respublika səviyyəsində qeyd olunması ilə bağlı imzalanmış Sərəncamları ziyalıların yüksək qiymətləndirdiyini bildirib. Yubileylə bağlı keçirilən silsilə tədbirlərin bu gün BDU-nun Qazax filialında davam etdiyini qeyd edən A.Rüstəmov bu tədbirin keçirilməsinə görə Universitetin rektoru Elçin Babayevə müəllimlər və tələbələr adından təşəkkürlərini çatdırıb.
Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov bu qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət təhsil sisteminin inkişafına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi filialın müəllim-tələbə kollektivi adından dərin minnətdarlığını bildirib. “Bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır”, - deyən filialın direktoru Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamasını təhsilə olan qayğının əyani sübutu kimi qiymətləndirib. Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıran filialın direktoru bu amilin bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən A.Rüstəmov bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürlərini çatdırıb. Bu gün yubiley münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Rektor Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb. Böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı sayəsində seminariyanın Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. 100 illik şanlı tarixi bir yol qət edən Bakı Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin inkişafında oynadığı rolu, həmin ali təhsil ocağının Azərbaycana bəxş etdiyi ziyalıları qeyd edən rektor Universitetin 100 illiyi ilə bağlı imzalanmış Sərəncamı yüksək dəyərləndirib. Həmin Sərəncamla yubiley tədbirlərinin silsiləli şəkildə davam etdiyini, ən son noyabr ayında yekun tədbirin keçiriləcəyini vurğulayıb. Rektor BDU-nun Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, BDU-nun 100 illik yubileyi münasibətilə hər birini təbrik edib. Bildirib ki, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inkişafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud vəziyyətində böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə mühafizəkar səslərin ucalmasına baxmayaraq universitetin yaranmasını xalqımızın böyük gələcəyi kimi qiymətləndirən ziyalılar öz qərarlarında israrlı idi. Uzun müzakirələrdən sonra böyük çətinliklə olsa da 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında Qanun qəbul etdi. İcra başçısı qeyd edib ki, Bakı Dövlət Universitetinin birinci onillikdəki fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə belə bir həqiqət aşkara çıxır ki, zamanın keşməkeşlərinə, hakimiyyət dəyişikliklərinə, siyasi arenadakı ab-havaya baxmayaraq Universitet öz fəaliyyətini uğurla davam etdirmiş, respublikanın elm, təhsil və mədəni həyatında, yüksək ixtisaslı milli kadrların yetişməsində, milli şüurun formalaşmasında, milli ziyalılar ordusunun daha da mətinləşməsində misilsiz rol oynamış, elmimizin və təhsilimizin inkişaf və tərəqqi yolunu işıqlandırmışdır. Qarşıya çıxan böyük çətinliklərə baxmayaraq Bakı Dövlət Universitetinin 10 il ərzində xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin müxtəlif sahələri üçün 1500-dən artıq kadr hazırlaması onun böyük uğurları, millətimiz qarşısında şərəfli xidmətidir.
Rayon rəhbəri bildirib ki, Bakı Dövlət Universitetinin 100 il ərzində keçdiyi yolun əsas və olduqca zəngin mərhələlərindən biri Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı mərhələdir. Bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu mərhələ bir çox cəhətdən əlamətdar olmuş, böyük hadisələrlə dolu olan bir mərhələ kimi Universitetin tarixində dərin izlər qoymuş, onun fəaliyyətinə yeni müstəqilliyin ab-havasını gətirmişdir. Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlməsi Universitetin böhran vəziyyətindən çıxması, təhsil islahatlarının aparılması, təhsilin müasir dünya təhsil sisteminə inteqrasiya edilməsi üçün əlverişli şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu təhsil ocağını yüksək qiymətləndirərək demişdir: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir”. Bu fikri əsas götürərək deyə bilərik ki, həqiqətən Bakı Dövlət Universiteti ölkə həyatının bütün sahələrinə öz təsirini göstərmiş, elm sahələrinin inkişafında əvəzsiz rolu olmuşdur. 2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universitetinin 100 ili tamam olur. Həmin yubileyin ölkə miqyasında qeyd olunmasını təmin etmək məqsədilə Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli Sərəncam imzalanmış, tarixi yubileyin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmiş, Nazirlər Kabinetinin 1 may 2018-ci il tarixli Qərarı ilə yubileyə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmiş, bu istiqamətdə tədbirlərin gerçəkləşməsinə start verilmişdir.
İcra başçısı qeyd edib ki, cənab Prezidentin imzaladığı Sərəncamda Universitetin tarixini və fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən yüksək qiymətdir. Sərəncamda yer alan “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır” kimi bu dəyərli fikirlər BDU-nun timsalında Azərbaycan təhsilinə olan diqqət və qayğıdır. 
Rayon rəhbəri vurğulayıb ki, bütün bu fikirlərin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə ölkənin ən nüfuzlu universitetinin Bakı Dövlət Universitetinin Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rol və şəffaf fəaliyyəti göz önündədir. 29 aprel 2016-cı ildən ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyət göstərən təhsil müəssisəsində hazırda 17 ixtisas üzrə respublikanın 63 rayonundan 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb. Filialın gündən-günə inkişafı, rayonumuzdakı parlaq fəaliyyəti gələcəkdə ictimai həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin nümunəsidir. İcra başçısı sonda bir daha BDU-nun 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, tələbələrə və müəllim heyətinə uğurlar arzu edib.
Filialın Riyaziyyat və informatika kafedrasının müdiri Hüseyn Xəlilov çıxış edərək yubiley təbriklərini və arzularını çatdırıb. Filialın qayğılarından söz açaraq aradan qaldırılmasında görülməsi nəzərdə tutulan işlər barədə fikirlərini bölüşüb.
Filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Səbinə Camalova tələbə yoldaşlarının adından çıxış edərək təbriklərini söyləyib. Bu gün 100 illik şanlı bir yol keçən Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi olmaqdan məmnunluq hissi keçirdiyini qeyd edib. Filialda onlar üçün yaradılan şəraitə, formalaşan şəffaf mühitə, göstərilən diqqət və qayğıya görə başda Universitetin rektoru Elçin Babayevə, direktor Arif Rüstəmova tələbələr adından minnətdarlığını bildirib. Azərbaycan təhsilinin inkişafına, xüsusilə də gənclərin dövlət qayğısı ilə əhatə olunmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıb. Onlara olan etimadı bundan sonra da layiqincə doğruldacaqlarını söyləyib.
Sonda filialın direktoru Arif Rüstəmova “Uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə” Universitetin rəhbərliyi tərəfindən Fəxri Diplom təqdim olunub. Bakı Dövlət Universitetinin yeni bayrağı isə filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib. 
Yubiley tədbirinin sonunda xatirə şəkilləri çəkdirilib.

Keçidlər