Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İkinci Şıxlı kəndində yerləşən Aqro Parkdakı mövcud vəziyyətlə tanış olub

01 oktyabr 2019 | 16:00

Son illər ölkəmizdə həyata keçirilən uğurlu islahatların, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, həm dövlətimiz sosial-iqtisadi cəhətdən inkişaf etdirilir, həm də iqtisadiyyatın neft amilindən asılılığı azaldılır. Dövlət başçısı cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncam və Fərmanlara əsasən bu gün elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bütün bunlar isə kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının artan templə inkişaf etməsindən xəbər verir.
Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq bu sahəni durmadan inkişaf etdirən rayonlardan biri də Qazax rayonudur. Bunu rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılmasından da aydın şəkildə görmək olur.
Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu layihələrdən biridir. Belə ki, rayonda yaradılmış bu Aqro Park həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqro Parkdakı mövcud vəziyyətlə tanış olub.
Tikintinin layihə rəhbəri Kamil Əlimirzəyev rayon rəhbərliyinə Aqro Parkdakı mövcud vəziyyət, eləcə də bu il üzrə aparılan əkin sahəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, cari ildə 1052,35 hektar sahədə əkin işləri aparılıb. Bunun 300,05 hektarını kartof, 463,0 hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20 hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil edib. Qeyd edib ki, bütün sahələrdə məhsul tədarükü başa çatıb. Aqro Parkla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsyələrini verib.
Məlumat üçün qeyd edək ki, Aqro Parkda torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib istismara verilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
Sonra icra başçısı kənd sakinlərinin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi, qaz, rabitə xidmətləri ilə yüksək səviyyədə təmin olunması ilə bağlı görülən işlərlə də tanış olub. İşlərin keyfiyyətlə aparılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Keçidlər