Qazax Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.
"Məşğulluq Strategiyası”nın icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2018-ci il tarixli, 9-21/173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu il üçün Ərazi Məşğulluq Proqramında əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Qazax Rayon Məşğulluq Mərkəzində həmin proqrama uyğun olaraq əmək yarmarkası keçirilib.
Yarmarkada iştirak edən Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda açılmış yeni iş yerlərindən söz açıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı müraciət edən sakinlərin mütəmadi olaraq əhalinin məşğulluğunun və maddi rifah halının yaxşılaşdırılması məqsədilə təşkil olunmuş yarmarkalara cəlb olunduğunu qeyd edib.
Qazax Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov çıxış edərək təşkil olunmuş əmək yarmarkasının məqsəd və əhəmiyyətindən danışıb. Bugünkü yarmarkanın təşkilini ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu bir addım kimi qiymətləndirib.
E.Nəsibov bildirib ki, 2018-ci ildə Qazax Rayon Məşğulluq Mərkəzinə 1279 nəfər vətəndaş müraciət edib, onlardan 1140 nəfəri işaxtaran kimi qeydiyyata alınıb. 701 nəfər daimi işlə təmin olunub. 100 nəfər işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib ki, onlardan 99 nəfər vətəndaş aktivlərlə təmin olunub.
Mərkəzin direktoru 2019-cu ilin 9 ayı ərzində Mərkəzə 2093 nəfər vətəndaşın müraciət etdiyini, onlardan 1875 nəfər vətəndaşın işaxtaran kimi qeydiyyata alındığını bildirib. Həmin işaxtaranlardan 943 nəfərin daimi işlə təmin olunduğunu qeyd edib. 93 nəfər işaxtaran vətəndaşın özünüməşğulluq proqramına cəlb olunduğunu, 61 nəfərin qiymətləndirmədən keçdiyini, onlardan 59 nəfərin aktivlərlə təmin edildiyini diqqətə çatdırıb. 15 nəfər işaxtaran vətəndaşın peşə hazırlığı kursuna cəlb olunduğunu və onlardan 13 nəfər vətəndaşın tam kursu bitirdiyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq Qazax Rayon Məğulluq Mərkəzində bu gün keçirilən əmək yarmarkasında 15 dövlət, 12 qeyri-dövlət və 2 fiziki şəxsdən, ümumilikdə 29 idarə və müəssisədən 300 boş iş yeri təqdim olunub. Yarmarkada 197 nəfər işsiz və işaxtaran vətəndaş iştirak edib. Onlardan 23 nəfərinə işə göndəriş verilib. 27 nəfəri özünüməşğulluq proqramına cəlb olunub, 19 nəfəri isə peşə hazırlığı kursuna yazılıb.