İcra başçısı İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkda olub
Son illər ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncam və Fərmanları əsas götürərək bu sahəni inkişaf etdirən rayonlardan biri də Qazax rayonudur. Son 3 ildə rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması da bunu söyləməyə əsas verir.
Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq həyata keçirilən uğurlu layihələrdən biridir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yaradılmış bu Aqro Park həm də yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqro Parkdakı mövcud vəziyyətlə maraqlanıb.
Tikintinin layihə rəhbəri Kamil Əlimirzəyev rayon rəhbərliyinə Aqro Parkdakı mövcud vəziyyət, eləcə də bu il üzrə aparılan əkin sahəsi haqqında ətraflı məlumat verib. Cari ildə 1052,35 hektar sahədə əkin işləri aparıldığını bildirib. Əkin sahəsinin 300,05 hektarını kartof, 463,0 hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20 hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil etdiyini, bütün sahələrdə məhsul tədarükünün başa çatdığını qeyd edib. Məlumat üçün qeyd edək ki, Aqro Parkda torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib istismara verilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
Rayon rəhbəri kənd sakinlərinin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi, qaz, rabitə xidmətləri ilə yüksək səviyyədə təmin olunması ilə bağlı kənddə görülən işlərlə də tanış olub. İşlərin keyfiyyətlə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.