Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanın ilk hərbi naziri" adlı dəyirmi masa keçirilmişdir

14 oktyabr 2015 | 15:00

Qazaxda General Səməd bəy Mehmandarovun  anadan olmasının 160 illiyi münasibətilə "Azərbaycanın ilk hərbi naziri" adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev  açmış və qeyd etmişdir ki, böyük sərkərdənin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev cənabları 29 sentyabr 2015-ci il tarixdə Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlərin keçirilməsi davam edir.
Sonra V.Vəliyev  Səməd bəy Mehmandarovun Azərbaycanın şərəfli hərb salnaməsi , adı tarixə düşmüş görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Azərbaycanın ordu quruculuğunda, peşəkar zabit kadrların hazırlanmasında və gənc nəslin hərbi vətənpərvərlik  tərbiyəsində müstəsna əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Şəhər Multimedia kitabxana filialının mütəxəssisi  Rufina Namazova  General Səməd bəy Mehmandarovun həyat və fəaliyyətini əhatə edən məruzə ilə çıxış etmişdir. Məruzədə  S.Mehmandarov tədbir iştirakçılarına əvəzsiz hərbi xadim, qorxmaz,ədalətli, cəsur komandan və vətənpərvər, qeyrətli azərbaycan övladı kimi təqdim olunmuşdur.  Generalın hələ sağ ikən söylədiyi fikirlər ("Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu”) insanların yaddaşına əbədi həkk olunmuşdur.
MKS-nin direktoru Solmaz Babanlı çıxışında General S.Mehmandarovun təcrübəli tam artilleriya generalı rütbəsi almış ilk azərbaycanlı zabit olduğunu, Vətənin müdafiəsi naminə qısa bir zamanda güclü nizami ordu yaratdığını qeyd etmişdir.
Tədbirdə çıxış edən  şöbə müdiri Fatma Hüseynova, MİMHİ-nin Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, metodist Məfrubə  Sadıqova  General Səməd bəy Mehmandarovun   görkəmli sərkərdə kimi Azərbaycan tarixində şərəfli və layiqli yer tutduğunu qeyd etmişlər. 
Tədbir iştirakçıları sonda General Səməd bəy Mehmandarova həsr olunmuş "Sərdar" filminə tamaşa etmişlər və “Azərbaycanın ilk hərbi naziri” adlı sərgiyə baxmışlar.

Keçidlər