Qazaxlı gənclərdən 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə möhtəşəm yürüş
Bu gün Qazaxda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə rayon gənclərinin möhtəşəm yürüşü keçirilib.
“Müstəqilliyimiz əbədidir” devizi altında keçirilən yürüş Qazax şəhərinə Bakı istiqamətindən (At heykəlinin yanı) girişdə mərkəzi küçədən start götürüb. Mindən çox gənc Heydər Əliyev prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı parka gəlib. Həmin parkda yerləşən Qazax Gənclər Mərkəzinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər “18 oktyabr - Milli Müstəqillik günüdür!”, “Yaşasın müstəqil Azərbaycan!”, “Müstəqilliyimiz əbədidir!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir!” şüarlarını səsləndiriblər.
Gənclər Mərkəzinin qarşısında konsert proqramı ilə davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Şəbnəm Həsənova bayram tədbirini açıq elan edərək bütün Azərbaycan xalqını 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından ətraflı danışılıb. Bu gün əsası Ümummili Lider tərəfindən qoyulan dövlət siyasətinin onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin inkişafında olan misilsiz xidmətləri də böyük minnətdarlıq hissi ilə qeyd olunub.
Sonra gənclər bir-birindən rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Sonda bayram tədbiri “Müstəqilliyimiz əbədidir” yazılmış şüarın şarlarla birgə havaya buraxılması ilə başa çatıb.