Şriftin ölçüsü :

Saytın rəngi :

Xanlıqlar kəndində səyyar görüş keçirilib

17 oktyabr 2019 | 16:00

Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan növbəti səyyar görüş Qazax rayonunun Xanlıqlar kəndində keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə sakinlər dövlət başçısının yürütdüyü məqsədyönlü siyasəti, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələri, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğını böyük minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, bu gün Xanlıqlar kəndində onbirinci dəfə görüşdüyünü qeyd edib. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
Rayon rəhbəri görüşdə ölkə Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan da danışıb. Bu gün də həmin Sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirildiyini söyləyib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib. İcra başçısı vurğulayıb ki, oktyabrın 15-də Respublika Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısının nitqində sosial paketlə bağlı olan məsələlərə geniş yer ayrılması bir daha sübut etdi ki, həmin paketin icrası bundan sonra da uğurla həyata keçiriləcəkdir.
Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətindəhəyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb.
İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Bundan başqa, rayon mərkəzi xəstəxanasının tikintisinin yüksək səviyyədə başa çatdırılmasını, hazırda su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb və bir daha sakinlər adından ölkə başçısına minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol çəkilişinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib. Həmin proqrama əsasən rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Fərəhli kəndləri ilə yanaşı Xanlıqlar kəndinin də salındığını və yeni avtomobil yollarının çəkiləcəyini qeyd edib.
İcra başçısı son 3 ildə bağçalarla bağlı görülən işlərdən və bu sahədə əldə olunan uğurlu nəticələrdən də söhbət açıb. Bu gün rayonda şəhər və kəndlər də daxil olmaqla mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısı kimi dəyərləndirib. Həmin təmirli bağçalardan birinin də məhz 55 yerlik Xanlıqlar kənd körpələr evi-uşaq bağçası olduğunu qeyd edib.
Rayon rəhbəri təhsil sahəsində əldə olunan uğurları bir daha diqqətə çatdıraraq bu uğurun əldə edilməsində Xanlıqlar kənd tam orta məktəbin də payının olduğunu bildirib. 2018-2019-cu tədris ilində məktəbi bitirən 20 məzundan 16 nəfərinin ali məktəbə sənəd verdiyini, onlardan 8 nəfərin ali, 7 nəfərin orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazandığını, 2 nəfərin 500-dən yuxarı bal topladığını söyləyib.
Rayon rəhbəri kəndlərdə suvarma suyuna olan tələbatı ödəmək üçün görülməsi nəzərdə tutulan işləri də diqqətə çatdırıb. Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu bildirib. Bu gün Xanlıqlar kəndində olan 10 ədəd subartezian quyusunun tam işlək vəziyyətdə olduğunu bildirib. Subartezian quyusunun qazılması sahəsində görülən işlərin növbəti illərdə də uğurla icra olunacağını diqqətə çatdırıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.
Sakinlərdən Xatın Hüseynxanova, Alı Şahvələdov, Şayəstə Qurbanova, Fəxrəndə Məmmədova, Azad Məmmədov, Həbibə İsmayılova, Həsən Həsənov, Mehbarə Eyyubova, Şofiq Qədimov, Əminə Alməmmədova, Gülnaz Xankişiyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Son 3 ildə rayonda, eləcə də Xanlıqlar kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar. 
Görüşdə sakinlər kənddə tam orta məktəbin qazla təmin olunmasını, yeni asfalt yolun çəkilməsini, telefon nömrələrinin sayının artırılmasını qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Xüsusilə də yeni asfalt yolun çəkilişi ilə bağlı məsələnin 5 illik Dövlət Proqramında əksini tapdığını vurğulayıb.

 

Keçidlər