İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabani 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabani 25 saylı binalarda görülən işlərlə tanış olub.
Rayon rəhbərliyinə bildirilib ki, Ş.Xiyabani 25 saylı binanın xarici fasadında görülən suvaq və bloklarda aparılan astar-üzlük vurulması işi tam başa çatıb. Ş.Xiyabani 27 saylı binada da suvaq işləri, bloklarda isə birinci qat üzlük vurulması işi yekunlaşıb, ikinci qat üzlüyün vurulmasına başlanılacaq. Binanın xarici fasadında da rənglənmə işləri aparılır. Eyni zamanda, hər iki binada bloklara giriş qapıları qoyulub.
Məlumat üçün bildirək ki, ümumiyyətlə, son 3 ildə Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər, vətəndaşlara olan diqqət və qayğı nəticəsində rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.
Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda əlavə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Rayon rəhbəri daha sonra şəhərin Heydər Əliyev prospektində yerləşən, təmirə ehtiyacı olan 3 bloklu ikimərtəbəli 81 və 1 bloklu ikimərtəbəli 83 saylı binalardakı mövcud vəziyyətlə də maraqlanıb. Sakinlərlə səmimi söhbət aparan icra başçısı rayonda olan digər təmirli binalar kimi bu binaların da onların istəklərinə uyğun şəkildə, yüksək səviyyədə təmir olunacağını bildirib. Dam örtüyünün dəyişdirilməsi (81 saylı binada), xarici fasad və bloklarda təmir işlərinin aparılması ilə bağlı yaxın günlərdə işə bağlanılacağını qeyd edib və aidiyyəti üzrə göstəriş verib.
Bina sakinlərindən Kifayət Axundzadə, Səmayə Əliyeva, Zəkiyyə Məmmədova, Şərqiyyə Rəhimova və başqaları respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.