İcra başçısı N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbdə olub
Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanın gələcəyi olan uşaqlar dövlətin və cəmiyyətin qayğısını hər zaman hiss edirlər. Çünki ölkəmizdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması məsələsi bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca prioritet sahələrindən birini təşkil edib. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaratmağa çalışıb.
Son illər ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı, nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları olan dövlət başçısı və Birinci vitse-prezident tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğını isə inşa olunan çoxsaylı uşaq bağçalarının, məktəb binalarının, təhsil ocaqlarının simasında aydın şəkildə görmək olar.
Sevindirici haldır ki, ölkə rəhbərinin uşaqlara olan diqqəti və qayğısı Qazaxda da olduğu kimi hiss olunmaqdadır. Belə ki, son 3 ildə rayonda bütün sahələrlə yanaşı bir sahə də var ki, daim diqqət mərkəzində saxlanılır. Bu, təhsil sahəsi və gələcəyimiz olan uşaqlarla bağlı sahədir. Bəli, bu gün minnətdarlıq hissi ilə qeyd edəcəyimiz bir həqiqət var ki, bu, rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisi, göstərdiyi diqqət və qayğıdır. İcra başçısının uşaqlarla görüşməsi demək olar ki, iş fəaliyyətinin əsas tərkib hissəsinə çevilib. Bu görüşlər isə istər kəndlərdə, istərsə də şəhərdə ola bilər. Demək olar ki, rayon rəhbərinin mütəmadi olaraq bağçalarda, məktəblərdə uşaqlara baş çəkərək qayğıları ilə maraqlanması artıq bir ənənə halını alıb. “Uşaqlar mənim üçün ayrı dünyadır, onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini öz işlərində də hər zaman əyani şəkildə əks etdirir. Uşaqlarin dili ilə desək onların sevimli Rəcəb babası olaraq əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə almaları, Vətələrinə layiqli övad kimi yetişməsi üçün hər cür şərait yaradır.
Rayon rəhbərinin balaca fidanlara olan sevgisinin bariz nümunəsini təkcə son 3 ildə Qazaxda bağçalarla bağlı görüdüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 21-i müasir standartlara cavab verən səviyyədədir. Ən son bu ilin may ayında 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra balacaların istifadəsinə verilməsi bunu bir daha sübut etdi. Bağçalarda yaradılan şərait isə rayon rəhbərinin “Uşaqlar hər şeyin ən yaxşısına layiqdir” cümləsini əyani şəkildə göstərir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbdə olub. I, II, X və XI siniflərdə təhsil alan şagirdlərlə səmimi söhbət edərək onlara ən xoş arzularını çatdırıb. Dövlətimiz və dövlət başçısı tərəfindən uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam əqidədə, vətənpərər ruhda böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait yaradıldığını bildirib.
Rayon rəhbəri ilk olaraq sinif rəhbəri Aynur Mahmudovanın olduğu I B sinfində olub. Körpə fidanların Vətənə, şəhidlərimizə aid söylədikləri şeirlər, vətənpərvərlik ruhunda oxuduqları mahnı böyük rəğbətlə qarşılanıb. 26 il pedaqoji təcrübəsi olan Aynur müəllimə bütün uşaqların vətənpərvər ruhda tərbiyə olunması, gələcəkdə ölkələrinə layiqli vətəndaş kimi yetişməsi üçün, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə var qüvvəsi ilə çalışdığını qeyd edib.
Sinif rəhbəri Qənahət İbrahimovanın I A sinfində təhsil alan birincilər də sevimli Rəcəb babalarını salamlayıb, gələcəkdə böyüyəndə kim olmaq istədiklərini bildiriblər. Gələcəkdə müəllim, həkim, hüquqşünas, şair, bəstəkar, heykəltaraş, rəssam, sərhədçi olmaq istəyən bu balaca fidanlar bu gün dövlətin qayğısını hər an hiss edərək bu amallar uğrunda gələcəyə doğru ilk addımlarını atırlar.
Sonra rayon rəhbəri Rüxsarə Əhmədovanın sinif rəhbəri olduğu II A sinfində elmin sirlərinə dərindən yiyələnən şagirdlərlə də görüşüb. Şagirdlərin söylədikləri şeirləri dinləyib, onların bilik məharətlərini izləyib.
Sinif rəhbəri Gülbəniz Abadovanın XI, Cəvahir Qəhrəmanovanın X sinfində təhsil alan şagirdlərlə görüşən icra başçısı dövlətin, ölkə rəhbərinin gənclərə hər zaman dəstək olduğunu, bu gün bütün sahələrdə gənc kadrlara üstünlük verildiyini bildirib. Bu gün gəncliyin bir addımlığında dayanan onuncuların və onbirincilərin qarşısında böyük nailiyyətlər, ən əsas da müstəqil Azərbaycanın layiqli vətəndaşı olaraq yetişmək kimi böyük bir amal dayandığını qeyd edib. İstər təhsil aldıqları, istərsə də gələcəkdə çalışdıqları müddətdə hər zaman Azərbaycanın, yaşadıqları rayonun, hətta, təhsil aldıqları ali və ya orta məktəbin adını daim uca tutmağı tövsiyə edib. Builki tədris ilində rayon üzrə ən yüksək nəticəni göstərərək 653 balla tələbə adını qazanan məktəb yoldaşları Səma Əfəndiyeva kimi təhsil aldıqları 5 nömrəli tam orta məktəbin uğurlarını davam etdirməyi vurğulayıb və onlara bu yolda uğurlar arzulayıb.
Məktəbin direktoru Nəsibə Tağıyeva rəhbərlik etdiyi kollektiv adından məktəblərinə gəlməsinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü görüşü, körpə balaların ünvanına səslənən dəyərli fikirləri uşaqlara olan qayğının əyani sübutu kimi qiymətləndirib. Uşaqlara olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıb.
Uşaqlarla səmimi şəkildə görüşən icra başçısı onlarla xatirə şəkilləri də çəkdirib.
Məlumat üçün qeyd edək ki, hazırda 5 nömrəli tam orta məktəbdə 21 sinifdə 446 nəfər şagird təhsil alır. 2019-2020-ci tədris ilində bir onbirinci sinifdə 30 nəfər şagird məzun adını qazanacaq. Birincilərin sayı isə 51 nəfərdir.