Daş Salahlı kənd 1 və 2 nömrəli tam orta məktəblərdə səyyar psixoprofilaktik tədbirlər keçirilib
Son illər dövlət başçısı cənab İlham Əliyevin qayğısı sayəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərdir. Ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu sahədə həyata keçirilən işlərin bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlər görülür. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq 14 oktyabr tarixindən Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Həmin iş planına əsasən "Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi", "Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı” barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması, "Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” ilə bağlı təşkil olunmuş tədbirlərdə qeyd olunan mövzu barədə geniş maarifləndirici söhbətlər aparılır.
Növbəti psixoprofilaktik tədbirlər Daş Salahlı kənd Araz Əmilov adına 1 və Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəblərində təşkil olunub. Əvvəlki tədbirlərdə olduğu kimi, bu görüşlərdə də şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə müzakirələr edilib.
Tədbirdə iştirak edən Qazax RİHBA-nın aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin müstəntiqi Yunis Quliyev, DYPB-nin inspektoru, polis kapitanı Elxan Əhmədov, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Ramil Sadıqov, ictimai təhlükəsizlik bölməsinin polis sahə və əməliyyat müvəkkilləri mövzu ətrafında dolğun məlumatlar çatdırıb, dövlət tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə yollarından danışıblar.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Məktəblilər tərəfindən “Narkomaniyaya yox deyək” başlıqlı kompozisiya nümayiş olunub.