Qazaxda inkişaf uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayonunun sənaye müəsssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələrinin,hüquq-mühafizə orqanlarının rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunmuşdur. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov məruzə ilə çıxış etmiş və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artmışdır. İlin 9 ayında infilyasiya cəmi 3,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 5,8 faiz artmış, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuşdur. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin nəticəsidir.
Ölkəmizin iqtisadi qüdrətinin artması, hər yerdə müşahidə olunan dinamik inkişaf Qazax rayonunda da öz əksini tapmış, cari ilin 9 ayında rayonda sosial- iqtisadi həyatın bütün sahələrində özünü göstərmişdir. Yeni sosial layihələr həyata keçirilmiş, tikinti, abadlıq və quruculuq işləri artmış, insanların rifah halı daha da yaxşılaşmışdır. Qazax rayonunda 2015-ci ilin yerli gəlir və xərclərinin proqnozu 21019000 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6716000 manatını yerli daxilolmalar, 14303000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 32,0 faiz, dotasiya isə 68,0 faiz olmuşdur. Cari ilin doqquz ayında yerli daxilolmalar 4828804 manat proqnoza qarşı 5027673 manat və ya 104,1 faiz yerinə yetirilərək büdcəyə 198869 manat çox vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1002748 manat çox vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 10800924 manat proqnoza qarşı 9600924 manat icra olunmuşdur. 2015-ci ilin 9 ayında yerli xərclər 2303917 manat az icra olunmuş, icra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmiş, 15629728 manata qarşı 13325811 manat yerinə yetirilmişdir (85,3 faiz).
Rayonda hesabat dövründə 7 özəl bank filialı, 2 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 5 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2015-ci ilin 9 ayı ərzində əhaliyə 20452316 manat kredit verilmişdir ki, bunun da 17297881 manatı qısamüddətli, 3154435 manatı isə uzunmüddətlidir. Əhalidən 1510014 manat və 2249004 ABŞ dolları əmanət cəlb olunmuşdur. Ölkə başçısının 3 mart 2013-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Dövlət başçısı İlham Əliyev cənablarının Nazirlər Kabinetinin son iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız iddiaların aradan qaldırılması zərurəti ilə bağlı söyləmişdir: "Sahibkarlara problemlər yaradır və onlardan əsassız yerə pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil, ancaq dövlət vergisini verməlidir, vəssəlam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. "Respublika Prezidenti dediyi sözləri öz əməli işi ilə bir daha sübut etdi ki, belə hallar yolverilməzdir. Son günlər bir qrup vəzifəli şəxslərin ciddi cəzalandırılması dediklərimizə sübutdur. Bundan əlavə Respublika Prezidenti “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq(lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında 19 oktyabr 2015-ci il tarixdə Fərman imzalanmış, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisə göndərilmişdir.Qanun layihəsinə əsasən 2015-ci ilin noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bütün bunlar Respublikamızda sahibkarlar üçün yaradılmış şəraitin və onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ümumilikdə, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Qazax rayonunda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 103 layihə üzrə sahibkarlara 1141700 manat kredit verilmişdir. Alınmış kredit hesabına 201 iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiəsi Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2015-ci ilin 9 ayında ödəniş müəssisələrinə 20599000 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 245000 manat çoxdur. Şöbədə 2015-ci ilin 9 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 81,6 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə yəni 82,4 faiz, qeyri büdcə təşkilatları və fiziki şəxslər üzrə isə 78,5 faiz yerinə yetirilmişdir. DSMF tərəfindən pensiya və müavinətlərin ödənilməsində gecikmə halları olmamışdır.
2015-ci ilin doqquz ayında Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3622723 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 9 ay ərzində Mərkəz tərəfindən 1022 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. ƏƏSM nazirliyi tərəfindən 1810 ailəyə 2166283 manat ÜSY ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2015-ci ilin 9 ayında Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 7,77 km, 0,4 kv hava xəttində 3,59 km uzunluğunda cari təmir işləri aparılmış, 208 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 38 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur. Əhali tərəfindən 194 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış və xətlər çəkilərək gərginlik verilmişdir.
Hal-hazırda Qazax şəhərində, Birinci Şıxlı və Xanlıqlar kəndlərində istismar vaxtını keçmiş, dəfələrlə təmir olunmuş transformatorların əvəzinə 21 ədəd yeni müasir tipli qapalı TM-ri ayrılmışdır. Həmin transformatorlardan 15 ədədi yerində quraşdırlmış, onlardan qidalanacaq 0,4 kv-luq xətlərdə 15 km uzunluğunda Sipləşmə (Kabelləşmə) işləri aparılmış, 390 ədəd yeni metal dayaqlar quraşdırılmış, 737 evə giriş xətləri verilmiş və müasir tipli sayğaclar üçün qutular quraşdırılmışdır. Ötən dövrdə satılan enerjinin dəyəri 3634000 manat, toplanan vəsait isə 3421700 manat olmuşdur. Ümumi yığım 94,2 faiz, o cümlədən yerli əhali üzrə 98,2 faiz yerinə yetirilmişdir.
Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 ayda əhali abonentlərə satılmış qazın dəyəri 2652784 manat olmuş, 2501294 manat (94,3 %) vəsait yığılmışdır. 9 ay ərzində 158 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur.
Qazax Telekommunikasiya Qovşağı cari ilin 9 ayında planı 100 faiz yerinə yetirmiş, qovşağın inzibati binasında Cənubi Koreya respublikası ilə birgə layihə çərçivəsində elektron tədris mərkəzi tikilmiş, kompyuter və avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 100 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 2331 ədəd bağlama qəbul edilmiş və 565 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir.
“Qazax-Avtovağzal” ATSC-i hesabat dövründə plana 102 faiz əməl edərək 245000 sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2015-ci ilin 9 ayında 5927 abonentə xidmət göstərilmiş və 197998 manat vəsait toplanmışdır. Bu isə satışın 99,7 faizini təşkil edir. Təşkilat tərəfindən 4 ədəd subartezian nasosu, 7 ədəd su mühərriki əsaslı təmir olunmuş, 4 ədəd su nasosu və 2 ədəd subartezian nasosu yenisi ilə əvəz olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi balansında olan kommunal mənzillərin dam örtüklərində əsaslı təmir işlərinə başlamış, bir və iki mərtəbəli 11 binada yerləşən 45 mənzilin dam örtüyündə 3284 m2 metal keramit, binaların frontonuna 537 m2 lambir vurmuş, 19 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparmışdır. 9 ay ərzində vətəndaşlardan 102,4 faiz mənzil xidmət haqqı toplanmışdır.
Qazax şəhərinin prospekt və küçələrində ümumilikdə yaşayış və qeyri-yaşayış binaların 5247 m2 dam örtükləri dəyişdirilmişdir.
2015-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür. Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olur. Təhsilin informasiyalaşdırması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda 20 şagirdə 1 kompüter düşür. Rayonda olan 47 məktəbdən 26-sı internet şəbəkəsinə qoşulmuşdur.
Ölkə Prezidentinin tapşırığına əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq" tur-aksiyada rayonumuzun məktəblərindən şagirdlər iştirak etmiş, növbəti keçiriləcək turda 35 nəfər seçilmiş şagird iştirak edəcəkdir.
2015-ci ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 8 fənn üzrə 130 nəfər şagird iştirak etmişdir. Onlardan 2 nəfəri birinci yer tutmuş şagirdlər aprel ayında Bakı şəhərində keçirilən respublika turunda iştirak etmiş, bu şagirdlərdən şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Mirzəyev İlham fizika fənni üzrə üçüncü yeri tutmuşdur. Canalı kənd tam orta məktəbin X sinif şagirdi İsmayılova Səbinə 47-ci Beynəlxalq Kimya Olimpiadasında bütün mərhələlərdən keçərək Milli komandaya üzv seçilmiş və Bakı şəhərinə dəvət edilmişdir. Rayon Mədəniyyət və Turizm şöbəsi 2015-ci ilin 9 ayında rayonda bayram konsertləri, şənliklər keçirmiş, əlamətdar günlər münasibətilə 44 mədəni-kütləvi tədbirlər təşkil etmişdir. I Avropa Oyunlarının Qədim “Atəşgah” məbədində alovlandırılan məşəli Naxçıvandan başlayaraq respublikamızın 30 rayonundan keçərək mayın 18-də Qazax rayonuna gətirilmiş və şəhərin Heydər Əliyev prospekti boyunca minlərlə rayon sakinlərinin alqışları altında Azərbaycan Xalqının Ümummili Lideri, Ulu Öndər Heydər Əıiyevin adını daşıyan parkda məşəlin təntənəli alovlandırma mərasimi keçirilmişdir.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 120673 nəfər olmuş, 3701 nəfər isə flüoqrafik və rentgen müayinəsindən keçirilmişdir. 9 ay ərzində 187 nəfər şəkərli diabet, 124 nəfər vərəm, 67 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyata götürülmüşdür.
Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla aparılmışdır. Müayinə nəticəsində 3269 nəfərə ambulator, 427 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 59 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Bu ilin may ayında Səhiyyə Nazirliyinin tövsiyyəsi əsasında qanvermə aksiyası keçirilmiş, 70 litr qan tədarük olunaraq "Mərkəzi Qan bankı"na göndərilmişdir.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2015-ci ilin 9 ayında gənclərlə iş sahəsi üzrə 14, bədən tərbiyəsı və idman sahəsi üzrə 20 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 3442 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 15 Respublika yarışlarında 50 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
Hesabat dövründə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 15800000 manat, ümumi məhsul buraxılışının həcmi 103450000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Sənaye məhsulunun həcmi 9475000 manat, ötən illə müqayisədə 1,3 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi isə 45582000 manat, keçən ilə nisbətən 4,3 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 1112 manat, orta aylıq əmək haqqı 265 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Ötən 9 ay ərzində 15 yeni müəssisə yaradılmış, 369-u daimi olmaqla 619 yeni iş yeri açılmışdır. 2015-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə 17 dövlət və 12 qeyri-dövlət müəssisələrindən 215 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 364 nəfər vətəndaşlardan 224 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 123 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2015-ci ilin doqquz ayında da uğurla davam etdirilmişdir.
Belə ki, Azadlıq küçəsində 1300 m2-a yaxın, Heydər Əliyev prospektində isə 1250 m2 tamet plitələr və 1200 p/m səki daşları qoyularaq 600 m2-dən çox qazon və güllüklər yaradılmışdır. Bakı-Tbilisi magistral avtomobil yolunun kənarında yerləşən 5 mərtəbəli yaşayış binasının fasad hissəsinə vurulmuş 1480 m2 penoplast üzlüklər sökülərək tikinti normalarına cavab verən materiallarla suvanmış və rənglənərək sakinlərin istifadəsinə verilmişdir. Şəhər ərazisində 9400 m2 divar və dam örtükləri, 420 m2 (84 ədəd) dəmir darvazalar, 7730 p/m beton bardürlər rənglənmişdir.
Heydər Əliyev prospekti, Azadlıq, F.Şamoyev, Bakı, Ə.Şıxlinski, M.P.Vaqif, S.Vurğun, Ə.Seyidov, M.Carçıyev, Ə.Dilbazi küçələrində və N.Nərimanov yaşayış massivində 6800 m2 asfalt örtüyü təmir edilmişdir. Bu istiqamətdə təmir-tikinti işləri davam edtidirlir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmış, II hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir.
Qazax Konserv zavoduna 2014-cü ildə tikintisi başlanılmış yeni kartof anbarında işlər tamamlanmışdır. Hər biri 480m2 olmaqla 4 anbar və 504 m2-lik beşinci anbar sahələri uyğun olaraq avtomatik idarə olunan soyutma, havalandırma və isitmə sistemləri ilə təchiz edilmişdir. Son texnologiyalar əsasında tikilib istifadəyə hazır vəziyyətə gətirilmiş bu anbar 5500 ton təzə kartofun müasir üsullarla öz keyfiyyətinin qorunaraq saxlanmasına imkan verir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Nazirliyin Ekspertiza şöbəsinə göndərilmişdir. Daxili imkanlar hesabına 1986-cı ildən "Qazax Tarix Diyarşünaslıq" muzeyinin istifadəsinə verilmiş binası sökülmüş və yerində müasir tələblərə cavab verən yeni binanın və Qazax Musiqi məktəbi binasının tikintisinə başlanılmışdır.
Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Regionların inkişaf proqramına əsasən Qazaxbəyli kəndində kənd qəbirstanlığında 8x4 ölçüdə talvarın quraşdırılması, 680 m uzunluğunda yeni hasarın çəkilməsi,1 ədəd barmaqlıqdan darvazanın quraşdırlması işləri başa çatmışdır. Hazırda Qaymaqlı kəndində kənd qəbirstanlığında 8x4 ölçüdə talvarın quraşdırılması, 1000 m uzunluğunda yeni hasarın çəkilməsi,1 ədəd barmaqlıqdan darvazanın quraşdırlması, yeni bulağın çəkilməsi, Daş Salahlı kəndində 4500 m uzunluğunda yeni su xəttinin çəkilməsi, 8 ədəd bulağın tikintisi işlərinə başlanılmış və işlər davam etdirilir. Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarları inşa olunur. Yapon Səfirliyinin dəstəyi ilə Daş Salahlı həkim məntəqəsinin tikintisinə başlanılmış, hazırda tikinti işləri davam edir. Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Respublika Prezidentinin Sərəncamına uyğun 2015-ci ildə qazıntısı nəzərdə tutulan 9 ədəd subartezian quyularından üçünün qazıntısı başa çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Rayonun kənd yaşayış məntəqələrində 40 km-dən çox kənddaxili yollara qum-çınqıl döşənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli, 374s saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Ölkə prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda yeni yaşayış məntəqəsində tikinti işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə yaşayış evlərinin bütün ifrastrukturlarla tikintisi məqsədilə sənədləşmə işləri aparılır. Bundan əlavə Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
2015-ci ilin 9 ayı ərzində rayonda ağac əkini davam etdirilmiş, 142000 ədəd ağac əkilmiş, ondan 16000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində, 35000 ədəd gül kolları gətirilərək parklar, xiyabanlar və yol kənarlarına əkilmişdir.
Hesabat dövründə rayonumuzda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 12738 hektar əkin sahəsi üçün 636905 manat yardım hesablanaraq plastik kartlara köçürülmüşdür.
Rayonda mövcud olan 28 ədəd taxılyığan kombayınlar və digər texnikalar biçinə tam cəlb edilərək 2015-ci ilin məhsulu üçün payızda və yazda əkilmiş 6067 hektar sahədə yetişdirilmiş taxıl məhsulu qısa müddətdə biçilərək 18217 ton məhsul istehsal edilmişdir. Bu il keçən ilə nisbətən hektardan məhsuldarlıq 4,6 sentner artırılaraq 30,2 sentnerə çatdırılmışdır. Bu ilin məhsulu üçün 687 ha yonca, 327 ha kartof, 295 ha qarğıdalı, 689 ha tərəvəz, 516 ha yazlıq dənlilər, 48 ha texniki bitkilər və 30 ha bostan əkilmişdir. Hazırda məhsul yığımı davam edir.
Kənd təsərrüfatı bitkilərindən normal məhsul alınmasına təsir edən əsas amillərdən biri bitkilərin vaxtında suvarma suyu ilə təmin edilməsidir. Cari ilin 9 ayı ərzində istehsalçılara 58,2 milyon m3 su əvəzinə 41,8 m3 su verilərək təlabat tam ödənilməmişdir. Suvarma sularından səmərəli istifadə edilməsi üçün keçən dövr ərzində plana uyğun olaraq arxlarda 591 min m3 lildən təmizləmə işləri aparılmışdır. Bundan 203 min m3 Qazax Melioserviz İdarəsi tərəfindən aparılmışdır.
Hesabat dövrü ərzində süni yolla mayalandırılmış heyvanlardan 285 baş bala alınmışdır. Bununla yanaşı heyvandarlıqda məhsuldar cins tərkibinin dəyişdirilməsi ilə əlaqədar rayona gətirilmiş 75 baş düyədən 75 baş bala alınmışdır. Heyvandarlıq sahəsində məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, keçən 9 ay ərzində ötən ilin eyni dövrünə nisbətən 710 ton artıq süd istehsal olunaraq, 22931 tona, 215 ton artıq ət istehsal olunaraq, 4161 tona və 241 min ədəd çox yumurta alınaraq 9012000 ədədə çatdırılmışdır.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2015-ci ilin 9 ayı ərzində epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq aparılmışdır.
2015-ci ilin 9 ayı ərzində Qazax RİH başçısı tərəfindən 27 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 18427 nəfər, müraciət edənlərin sayı 416 nəfər olmaqla 272 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 123-ü icra edilmiş, 133 təklif ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, 16 məsələ üzrə işlər davam edir.
Hesabat yığıncağında Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Şəmkir RQİİ-nin Qazax XS üzrə rəis müavini İlkin Nəsibov, Qazax rayon EŞ-nin rəisi Elşad Məmmədov və başqaları çıxış etmişlər. Məruzədə və çıxışlarda prezident cənab İlham Əliyev tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tədbirlərin görülməsi hallarına toxunulmuş, ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı gördüyü işləri fəal surətdə dəstəkləmişlər. Qeyd olunmuşdur ki, son günlərdə Milli Təhlükəsizlik Nazirinin və nazirliyin bir qrup əməkdaşlarının vəzifədən kənarlaşdırılması, bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən və cəzadan kənarda qala bilməz. Yaranmış vəziyyət bir daha onu göstərir ki, ölkə prezidenti tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə ardıcıl olaraq davam etdiriləcəkdir.