İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Klassik Azərbaycan poeziyasında öz dəstxəti ilə seçilən, dünya poeziyasına əvəzsiz incilər bəxş edən söz ustadlarımızdan biri də İmadəddin Nəsimidir. Onun yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Nəsiminin müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına, eləcə də bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərmişdir.
Bu sözlər Qazaxda "Milli dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda keçirilən "dəyirmi masa”da səsləndirilmişdir. Qeyd olunmuşdur ki, Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmaqla bədii söz sənətinin qiymətli incilərini meydana gətirmişdir. Onun yaratdığı əsərlər dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilib.
Qazax Rayon İcra Hakimiyyətinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa”da rayon ictimaiyyəti, ziyalılar, təhsil və mədəniyyət işçiləri, AMEA-nın əməkdaşları, həmçinin Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının üzvləri də iştirak etmişlər.
Tədbiri Rayon İcra Hakimiyyətinin məsul işçisi Məhəmməd Orucov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, xüsusən də ziyalılarımıza, söz adamlarına verdiyi yüksək dəyərdən danışmış, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinin təntənəli surətdə qeyd edilməsini və 2019-cu ilin "Nəsimi ili” elan olunmasını bu dəyərlərin məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar 650 min ağacın əkilməsi ideyasını isə dahi şairin xatirəsinə yüksək ehtiram kimi dəyərləndirmişdir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov çıxışında İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşəri mədəniyyətə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu bildirib. Qeyd edib ki, Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.
Azərbaycan Yazıçlar Birliyi Qazax zona filialının sədri Barat Vüsal böyük filosof şair İmadəddin Nəsiminin dərin, sarsılmaz inam və işıqlı ideya sahibi olmasından, sözün əsl mənasında öz həqiqətini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi fədakarlığı ilə əfsanəyə çevirməsindən danışıb.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı isə qeyd edib ki, Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla tərənnüm etməklə yanaşı, özümüzə qayıdışın, milli kimliyimizin də fəlsəfi düşüncələrini öz əsərlərində tərənnüm etmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
31 oktyabr 2019-cu il