Qazaxda narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
Bu gün Qazaxda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən maarifləndirmə xarakterli tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin dəyirmi masasında keçirilən tədbirdə icra aparatının məsul şəxsləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, İşçi qrupunda baş məsləhətçi Rahib Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon üzrə komissiyasının üzvləri, təhsil, səhiyyə işçiləri, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illər dövlət başçısı cənab İlham Əliyevin qayğısı sayəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərdir. G.Həsənova qeyd edib ki, ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu sahədə həyata keçirilən işlərin bariz nümunəsidir. Müavin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq 14 oktyabr tarixindən Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Dövlət Komissiyası tərəfindən bölgələrdə, o cümlədən də Qazaxda keçirilən bugünkü tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu cür tədbirləri təşkil etməkdə məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermək, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmaqdır. T.Aydınov bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini öyrənmək, zərurət yaranarsa bu sahədə əməli köməklik göstərmək, qeyd olunan sahədə mübarizə tədbirlərinin aparılmasında dövlətimizin rolu barədə bölgələrimizdə yaşayan insanları məlumatlandırmaq, narkotik vasitələrin törətdiyi fəsadlar haqqında maarifləndirici fikir mübadiləsi aparmaqdır. Natiq respublikamızda narkomaniyaya qarşı mübarizə işinin Ulu Öndər Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı Fərmana əsasən geniş start götürdüyünü və bu gün də uğurla həyata keçirildiyini qeyd edib. O, Ümummilli Liderin söylədiyi “Narkomaniya və narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” kimi dəyərli fikirə bu gün də xüsusi önəm verildiyini və dövlətimizin bu sahədə gördüyü işləri vurğulayıb. Həmin Fərmana əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılmasını, 2000-2006-cı illəri əhatə edən proqramların təsdiq edilməsini, “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi haqqında” 18 iyun 1999-cu il və 28 iyul 2005-ci il tarixlərdə Azərbaycan Respublikası Qanunlarının imzalanmasını bu sahədə görülən işlərin əyani göstəricisi kimi qeyd edib. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə sayca 4-cü olan 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsini və həmin proqrama uyğun olaraq bu sahə ilə bağlı görülən tədbirlərin bundan sonra da uğurla yerinə yetirilməsi kimi qiymətləndirib.
T.Aydınov son 15 ildə ölkə rəhbəri tərəfindən 15 Fərman və 56 Sərəncamın, Nazirlər Kabineti tərəfindən 31 Qərarın və 10 Sərəncamın imzalandığını, Milli Məclisdə 38 Qanunun qəbul edildiyini də diqqətə çatdırıb. O, Respublika Narkoloji Mərkəzindən verilən məlumata əsasən 2013-cü ildə 28376 nəfər narkotik aludəçisi olduğu halda, 2018-ci ilin sonunda bu rəqəmin 31432 nəfərə çatdığını bildirib.
T.Aydınov narkoloji xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni Narkoloji Mərkəzin istifadəyə verildiyini və ən müasir avadanlıqlarla təchiz olunduğunu, bununla yanaşı, Qaradağ rayonu ərazisində də məcburi müalicəyə cəlb olunanların müalicə olunması üçün yeni tibb müəssisəsinin tikildiyini qeyd edib. Natiq çıxışı zamanı narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri, bununla bağlı təhsil müəssisələrində psixoloqların rolu, maarifləndirmə tədbirlərinin artırılması, narkomaniyanın törətdiyi fəsadların qarşısının alınması sahəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında da fikirlərini bölüşüb, təklif və tövsiyələrini çatdırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Kəmalə Cəfərova çıxış edərək istər ötən il, istərsə də cari ildə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin uğurla icra olunduğunu bildirib. Dövlət başçısı tərəfindən bu sahə ilə bağlı təsdiq olunmuş Dövlət Proqramlarının icrası ilə bağlı verilən tapşırıq və tövsiyələrin olduğu kimi icra edildiyini diqqətə çatdırıb. Respublika Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə keçən il Qazax rayonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən birgə hazırlanmış “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitə və Qazax RİHB aparatı yanında fəaiyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2018-ci il üçün iş planı”na əsasən 21 may 2018-ci il tarixdən 5 iyun 2018-ci il tarixədək Qazax RİH-nin, RTŞ-nin, RPŞ-nin əməkdaşlarının birgə iştirakı ilə rayon üzrə 40 ümumtəhsil məktəbində yüksək səviyyədə psixoprofilaktik maarfləndirici tədbirlərin keçirildiyini qeyd edib.
Ötən il həyata keçirilən işlərin bu il də uğurla davam etdirildiyini qeyd edən K.Cəfərova Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Qazax RİHB aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, ali və orta ixtisas məktəblərində “Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi“, “Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması“ ilə bağlı 14 oktyabr tarixindən psixoprofilaktik maarifləndirici silsilə tədbirlərin keçirilməsinə start verildiyini bildirib. Qazax RİH-nin, RTŞ-nin, RPŞ-nin əməkdaşlarının birgə iştirakı ilə rayon üzrə 37 ümumtəhsil məktəbində, BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial–İqtisadi Kollecində bu tədbirlərin reallaşdırılacağını diqqətə çatdırıb. Bu günə kimi isə 14 ümumtəhsil məktəbində səyyar maarifləndirici tədbirlərin keçirildiyini və qrafik üzrə davam edəcəyini bildirib. Oktyabrın 14-dən başlayaraq M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı, Ş.Nəsibova adına Sarıvəlli, Z.Mahmudov adına Yuxarı Salahlı, Aslanbəyli, A.Kəmərli adına Kəmərli, A.Məmmədov adına Qaymaqlı, A.Bəbirov adına Xanbağı, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, Daş Salahlı kənd A.Əmilov adına 1 və Ş.Cəbiyev adına 2 nömrəli, Ş.Şahvələdov adına Xanlıqlar, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəblərində keçirilən tədbirlər zamanı şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə psixoprofilaktik söhbətlər aparıldığını qeyd edib. K.Cəfərova bildirib ki, məqsədimiz yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı psixoloji və fiziki fəsadları, insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirmək və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gəncləri cəlb etməkdir.
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova da çıxış edərək bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və əhəmiyyətinin böyük olduğunu söyləyib. O, rayonda keçirilən bütün maarifləndirici tədbirlərdə yaxından iştirak etdiyini və bu sahə ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin də diqqətə çatdırıldığını vuğulayıb.
Qazax Rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Murad Qurbanov da tədbirin əhəmiyyətini qeyd edərək təşkil olunmasına görə əməyi keçən insanlara minnətdarlığını çatdırıb. Rayon Polis şöbəsi və kollektivi olaraq ölkə başçısının imzaladığı Fərman və Sərəncamların, Daxili İşlər Nazirliyinin verdiyi Əmr və göstərişlərin layiqincə yerinə yetirilməsi üçün böyük səylə çalışdıqlarını, bu sahə ilə bağlı təşkil olunan bütün maarifləndirici tədbirlərdə yaxından iştirak etdiklərini bildirib.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova da tədbirdə söz alaraq rəhbərlik etdiyi mərkəzin narkomaniya və narkotik vasitələrə qarşı mübarizə sahəsində gördüyü işlərdən danışıb. Mərkəzin dərnək üzvlərinin iştirakı ilə narkomaniya və onun törətdiyi fəsadları özündə əks etdirən əl işlərindən ibarət sərginin keçiriləcəyini, bundan əlavə, 100-dən çox gənc və yeniyetmənin iştirakı ilə yürüş təşkil olunacağını vurğulayıb.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs-baş direktor Sevda Məmmədova çıxış edərək narkomaniya və onun törətdiyi fəsadlarla bağlı görülən mübarizə işlərindən, həyata keçirilən maarifləndirici tədbirlərdən söz açıb. Rayon rəhbərliyi tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə tədbirlərini qeyd edən S.Məmmədova gənc və yeniyetmələrlə təkcə maarifləndirici söhbətlərin aparıldığını deyil, eyni zamanda onların fikrini bu bəladan yayındıracaq digər tədbirlərin də təşkil olunduğunu qeyd edib. Rəsm sərgilərinin, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü də mövzu ətrafında ürək sözlərini bildirib. Narkomaniya və onun törətdiyi fəsadlara, cəmiyyətimizə vurduğu ağır zərbələrə qarşı mübarizə yolları ilə bağlı alternativ tədbirlər barədə təkliflərini qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti baçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq düşmənlə 168 km məsafədə sərhəddi olan Qazaxda tədbirin keçirilməsinə görə Dövlət Komissiyasının rəhbərliyinə bir daha minnətdarlığını bildirib. Dövlətin gələcəyi, sağlam gəncliyi naminə bu sahə ilə mübarizədə hər kəsin səfərbər olmasını bildirib və bugünkü tədbiri bunun bariz nümunəsi kimi qiymətləndirib.
Tədbirdə iştirakçılara narkomaniya və onun törətdiyi fəsadları, mübarizə yollarını özündə əks etdirən bukletlər paylanılıb.