Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib

05 noyabr 2019 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən çıxışı zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, ölkədə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıq və tövsiyələr, göstərişlər Qazax rayonunda da prioritet istiqamətlərdən birini təşkil edir. Dövlət başçısının ölkəmizdə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıqlar bu gün respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda ən vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır.
Bu gün S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin akt zalında təhsil işçiləri ilə keçirilən geniş tərkibli müşavirədə səslənən fikirlər, xüsusilə də bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunması ilə bağlı aparılan müzakirələr bir daha sübut edir ki, Qazaxda bu sahə daim nəzarətdə olan və həssaslıqla yanaşılan bir sahədir.
Qazax Rayon Təhsil şöbəsinin, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşlarının, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının, direktor müavinlərinin, müəllimlərin iştirakı ilə keçirilən müşavirədə təhsil sahəsində əvvəlki illərdə əldə olunan nailiyyətlər, təhsilin keyfiyyətinin artırılması, xüsusilə də bu sahədə şəffaflığın təmin olunması sahəsində görülən işlərdən, şagirdlərin dərsə davamiyyətindən, işçi qrupunun fəaliyyətindən, “Ölkəmizi tanıyaq” tur-aksiyasında məktəblilərimizin qazandığı uğurlardan və bir sıra məsələlərdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək təhsil işçilərini salamlayıb, keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən söylədiyi dəyərli fikirləri, verdiyi tapşırıq və tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Rayon rəhbəri respublikamızda rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyinin hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini qeyd edib. İcra başçısı son 3 ildə rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın tam təmin olunduğunu, vaxtilə mövcud olan əksər neqativ halların aradan qaldırıldığını vurğulayıb.
İcra başçısı qeyd edib ki, bugünkü müşavirənin keçirilməsində əsas məqsəd bütün sahələrdə olduğu kimi, təhsil sahəsində olan bu şəffaflığı qorumağı bir daha müzakirə etmək, bu günə kimi bu sahədə aparılan işləri bundan sonra da uğurla davam etdiriləcəyini bir daha diqqətə çatdırmaq, sözün əsl mənasında xatırlatmaqdır.
Rayon rəhbəri qeyd edib ki, bu gün təhsil sahəsi dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunan bir sahədir. Bunu son 15 ildə ölkə rəhbərinin təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən, imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan, xüsusilə də Heydər Əliyev Fondu, şəxsən Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunmasından aydın şəkildə görmək olar ki, ölkəmizdə təhsil hər zaman prioritet sahə olub və olmaqdadır. İcra başçısı son illər Qazaxda inşa olunan yeni məktəb binalarının sayının ildən-ilə artmasını rayon təhsilinin böyük uğuru kimi qiymətləndirib. Ən son bu ilin fevralında əsaslı yenidənqurmadan sonra istifadəyə verilən S.Vurğun adına şəhər 2 nömərli tam orta məktəbi, hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı tikintisi davam etdirilən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbini, təmiri nəzərdə tutulan Qaymaqlı və Sarıvəlli kənd tam orta məktəblərində görüləcək işləri rayonun təhsil sahəsinə, müəllim və şagirdlərə olan diqqət və qayğının bariz nümunəsi kimi qeyd edib.
İcra başçısı bildirib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da təhsil işçilərinə olan etimadı doğruldaraq bu sahədə olan şəffaflığı tam təmin etməkdir. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və vəzifələrə daim dəstək olmaq, rayonda təhsil sahəsində bu günə qədər olan şəffaflığı olduğu kimi qoruyaraq öz töhfəmizi verməkdir.
Geniş müzakirələr şəraitində keçən müşavirədə şagirdlərin dərsə davamiyyətinin, rayonda fəaliyyət göstərən işçi qrupunun gördüyü işlərin bundan sonra da daim nəzarətdə olacağını qeyd edən rayon rəhbəri bununla bağlı bəzi tapşırıq və tövsiyələrini də verib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müşavirədə çıxış edərək istər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrin bundan sonra da olduğu kimi icra ediləcəyini qeyd edib. Xüsusilə də rayonda təhsil sahəsində olan şəffaflığın bundan sonra da tam təmin olunacağını bildirib. Rayon rəhbərinin verdiyi tapşırıq və tövsiyələrə ciddi əməl ediləcəyini söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər