Qazaxda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib.
Konstitusiya Məhkəməsinin Konstitusiya Hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Mülki hüquq şöbəsinin müdir müavini Səlahəddin Əliyev, İnzibati hüquq və cinayət hüququ şöbəsində baş məsləhətçi Bəkir Qaralov, böyük məsləhətçi Etibar Əliyev, Mülki hüquq şöbəsində böyük məsləhətçi Nəcəf Ağalarbəyli, Məhkəmə qərarlarının icrasına nəzarət sektorunda böyük məsləhətçilər İlqar Qasımov və Elşad Ələsgərov olimpiadadan əvvəl Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Konstitusiya Məhkəməsinin nümayəndələri Qazax Rayon İcra Hakimiyyətində icra başçısı Rəcəb Babaşovla görüşüb, olimpiadanın keçirilməsində göstərilən dəstəyə görə minnətdarlıqlarını çatdırıblar.
Məlumat üçün qeyd edək ki, olimpiadada rayonun 7 məktəbinin – S.Əfəndiyev adına şəhər 1 nömrəli, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəblərin, M.Hüseyn adına məktəb-liseyin, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli və E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli və Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəblərin hər birindən 20 nəfər X sinif şagirdləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri (7 qrup, hər qrupda 15 nəfər tələbə) iştirak edib.
Olimpiadada şagirdlərə və tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiada günün birinci yarısı BDU-nun Qazax filialında, ikinci yarısı isə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.
Olimpiadanın əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.