Qazax Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Bu gün Qazax Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Rayon İcra Hakimiyyətində icra aparatının məsul şəxslərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən müşavirədə ölkə Prezidentinin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, xüsusilə də ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olması, bu sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr bir daha diqqətə çatdırılıb. Ölkə rəhbərinin bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısının, səhiyyə sahəsində şəffaflığın təmin olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi öz əksini tapması qeyd olunub.
Müşavirəni giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov keçirilən tədbirin məqsəd və əhəmiyyətini bildirərək qarşıda duran vəzifələrin geniş şəkildə müzakirə olunacağını qeyd edib. Dövlət başçısının istər vətəndaşlara olan diqqət və qayğısını, istərsə də ölkəmizdə şəffaflığın təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin əsası kimi qeyd edən icra başçısı ilk gündən bu amili diqqət mərkəzində saxladığını vurğulayıb.
“Ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olması hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən rayon rəhbəri Qazaxda bu sahənin də daim nəzarətdə saxlanıldığını, qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz işlərin bundan sonra da olduğu kimi yerinə yetiriləcəyini bildirib.
İcra başçısı rayonda ən böyük sahələrdən birinin məhz səhiyyə sahəsi olduğunu, digər sahələr kimi bu sahənin də daim diqqət mərkəzində saxlanıldığını, istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən hər cür dəstək və qayğı ilə əhatə olunduğunu söyləyib.
Rayon rəhbəri vətəndaşların müraciətlərinə obyektiv, qərəzsiz, ədalətli və vətəndaşların müraciətləri haqqında qanunun tələblərindən irəli gələn müddətdə baxılmasının təmin edilməsinin, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirin görülməsinin hər bir idarə, müəssisə və təşkilat rəhbərinin, eləcə də həmin müəssisələrdə çalışan işçilərin üzərinə düşən əsas vəzifə olduğunu qeyd edib. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin olunması kimi amillərin hər bir işçinin iş fəaliyyətinin əsasını təşkil etməsini vurğulayıb.
İcra başçısı səhiyyə sahəsində olan şəffaflığın, vətəndaşlara göstərilən xidmətlərin bütün səhiyyə müəssisələrində olduğu kimi Qazax Müalicə Diaqnostika Mərkəzində də bundan sonra da yüksək səviyyədə olması üçün verilən tapşırıqlara birmənalı şəkildə əməl olunmasını bildirib. Rayon rəhbəri ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında dayanan vətəndaş amilinin bütün sahələrlə yanaşı səhiyyə sahəsində də ön planda tutulmasını, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə, onlara olan münasibətə, göstərilən diqqət və qayğıya hər zaman həssaslıqla yanaşılmasını söyləyib.
Bugünkü müşavirənin də məhz bu məqsədi, amalı özündə əks etdirdiyini qeyd edən icra başçısı kökündə vətəndaş məmnunluğu dayanan hər bir işin, göstərilən xidmətin öhdəsindən layiqincə gəlmək üçün hər bir işçinin bundan sonra da böyük səylə çalışmasını tövsiyə edib. Görülən işlərin, atılan addımların birbaşa rayonun adı ilə bağlı olduğunu vurğulayan icra başçısı hər bir idarə, müəssisə, təşkilat rəhbərinin, xüsusilə də səhiyyə sahəsində çalışan insanların bu məsələnin mahiyyətini dərk etmələrini, rayonda atılan hər bir addımın ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə olması üçün öz işlərində daha da məsuliyyətlə çalışmalarını bildirib. Bununla bağlı bir daha tapşırıq və tövsiyələrini verib.