Şriftin ölçüsü :

Saytın rəngi :

“Unutmayaq ki, unudulmayaq” layihəsi çərçivəsində növbəti tədbir Qazaxda keçirilib

11 noyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Qazaxda “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Layihənin bugünkü qəhrəmanı isə igid döyüşçü, “Şəhidlərin qız qardaşı” adını almış, həmyerlimiz Vəfa Dəmirçioğlu Mansurovadır.
Qazax Gənclər Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul işçiləri, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, sədr müavini, tədbirlərin aparıcısı İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, tədbirlərin təşkilatçısı Yasəmən Möhübbətqızı, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova, “Qafqaz-Media” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, şairə Haci Azadə-Taleh, Böyük Millət İnformasiya Agentliyinin redaktoru Sima Babayeva, rejissor Kəmalə Musazadə, qəhrəmanın bacısı, şairə-publisist, Prezident təqaüdçüsü Zərəngiz Dəmirçi Qayalı, yaxınları, doğmaları, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının əməkdaşları, təhsil, mədəniyyət işçiləri, tələbələr, məktəblilər, fəal gənclər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Vətən oğullarının əziz xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında memorial önünə gül dəstəsi düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər. Sonra elə həmin müqəddəs məkanda qəhrəman döyüşçünün xatirəsinə tikilmiş, üzərində “Şəhidlərin qız qardaşı” yazılmış bulağı ziyarət edərək önünə gül dəstəsi düzüb, əziz xatirəsini yad ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra tədbir Qazax Gənclər Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla bir daha yad olunub.
İSBAM sədrinin müavini, tədbirin aparıcısı İlhamə Qəsəbova tədbiri açıq elan edərək Vəfa Dəmirçioğlu Mansurovanın keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlığın, şücaətin gənc nəslə örnək olduğunu bildirib. Bugünkü “Unutmayaq ki, unudulmayaq” adlı layihə əsasında reallaşan tədbirin də onun döyüş yoluna həsr olunduğunu qeyd edib.
Daha sonra ideya və ssenari müəllifi Zərəngiz Dəmirçi Qayalının, direktorları Hidayət Möhnətovun və Azadə Hüseynovanın olduğu “Avey Qəhrəmanı – Vəfa Dəmirçioğlu” adlı film nümayiş olunub. Qəhrəman döyüşçünün döyüş yolunun əks olunduğu, döyüş yoldaşlarının, yaxınlarının Vəfa Dəmirçioğlu haqqında fikirlərinin yer aldığı filmdə igid, cəsur, qorxmaz, Vətəni canından əziz tutan bir el qızının ömür yoluna, taleyinə bir daha nəzər salınıb. Tədbir iştirakçılarına təqdim olunan baş redaktoru Hacı Azadə-Talehin olduğu “Borçalı” qəzetinin Vəfa Dəmirçioğluna həsr etdiyi xüsusi buraxılışda qəhrəman el qızımızın, həmyerlimizin həyatı, onun gələcək nəsillərə örnək olan döyüş yolu məqalələrin dili ilə bir daha oxuculara çatdırılıb.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, bugünükü tədbirin əhəmiyyətindən söz açıb. Sazın, sözün beşiyi sayılan, Qərbin qapısı hesab edilən Qazaxda rayon rəhbərliyi tərəfindən şəhidlərimizə, şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edən müavin bunun ən bariz nümunəsinin şəhərin mərkəzində yaradılan Şəhidlər xiyabanının, şəhidlərimizin xatirəsini əbədiləşdirən bulaqların olduğunu bildirib. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində Vəfa Dəmirçioğlunun da xatirəsinə şəhərin mərkəzində, müqəddəs bir məkanda adını daşıyan bulağın tikilməsini onun döyüş yoluna, göstərdiyi qəhrəmanlığa, ən əsası da şəhidlərimizə olan hörmət və ehtiramın əyani sübutu olduğunu bildirib. “Aslanın erkəyi, dişisi olmaz”, - deyən G.Həsənova filmdə bu deyimin bir daha öz əksini tapdığını, Vəfanın Vətənə olan borcunu hansı formada qaytardığının, Dəmirçi Qayalının qız övladı olaraq deyil, bir oğul kimi o yurdun adını ucaltdığının şahidi olduğumuzu diqqətə çatdırıb. G.Həsənova bu gün haqqında söhbət açdığımız, döyüş yolunu gənclərə örnək çəkdiyimiz Vəfanın təkcə Daş Salahlıların, qazaxlıların deyil, bütöv Azərbaycanın qəhrəman qızı kimi sevildiyini, hər kəsin yaddaşına yazıldığını bildirib. Sonda vətənpərvərlik mövzusunda olan bu cür tədbirin Qazaxda keçirilməsinə görə, filmin ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirən müavin Vəfa Dəmirçioğlunun hər zaman qəlblərdə yaşayacağını və onun döyüş yolunun gələcək nəsillərə örnək olacağını qeyd edib.
İSBAM sədri Samir Adıgözəlli çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bugünkü tədbirin baş tutmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını bildirib. “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirdiklərini vurğulayıb. Mərkəz olaraq Qazaxda vətənpərvərlik mövzusunda olan tədbirin ilk dəfə keçirildiyini qeyd edən natiq bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu cür tədbirləri şəhidlərimizə, qəhrəmanlarımıza, mübarizə yolundan dönməyib bu yolu gedən Vəfa Dəmiçioğlu kimi insanlarımıza həsr etmək, bu cür insanları gələcək nəsillərə çatdırmaq əsas məqsədimiz olmaqla yanaşı, həm də vəzifə borcumuzdur. S.Adıgözəlli çıxışında Vəfa Dəmirçioğlunun döyüş yolunun, mübarizliyinin gənclərimiz arasında milli vətənpərvərlik ruhunun yüksək olmasında bütün gəncliyimizə bir nümunə olduğunu qeyd edib. Ölkə başçısı cənab İlham Əliyevin torpaqlarımızın azad olunması istiqamətində gördüyü mühüm işlərdən, ordumuzun qüdrətindən söz açan natiq buna misal olaraq 2016-cı ilin Aprel zəfərini nümunə göstərərək şanlı ordumuzun qazandığı qələbəni şəhidlərimizin ruhunun rahatlıq tapması üçün yerinə yetirilən ən uğurlu addım kimi qiymətləndirib. Bundan sonra da bizi daha böyük tarixi qələbələrin gözlədiyini qeyd edən S.Adıgözəlli hər bir Azərbaycan vətəndaşının bu inamla yaşadığını və hər zaman dəstək olmağa hazır olduğunu bildirib. Bunun üçün vətənpərvərlik tədbirlərinin sayının daha da artırılmasının böyük önəm daşıdığını vurğulayıb və “Unutmayaq ki, unudulmayaq” adlı layihənin də məhz bu məqsədə, amala xidmət etdiyini bir daha qeyd edib. Şəhidlərimizi, qəhrəmanlarımızı tanıtmaq, onların döyüş yolunu gənclərə örnək kimi göstərmək üçün bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxış edərək şəhidlərimizi anmaq, onların ömür payını, döyüş yolunu gənclərimizə örnək göstərmək üçün təşkil olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Gənclərə tariximizi, keçmişimizi öyrənməyin mühüm bir iş olduğunu bildirən A.Şirinova bu yolda şəhidlərimizin, Vəfa Dəmirçioğlu kimi qeyrətli qızlarımızın döyüş yoluna nəzər salmağı tövsiyə edib. Şəhidlərimizə həsr etdiyi şeirini səsləndirərək onlara olan ehtiramını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən tədbirin təşkilinə görə əməyi keçən insanlara minnətdarlığını çatdırıb. Vətənin adını ucaldan kişi qeyrətli el qızının, eləcə də bütün şəhidlərimizin göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə çatdırmağın hər bir vətəndaşın üzərinə düşən ən müqəddəs vəzifə olduğunu diqqətə çatdırıb 
“Dövlət və Qanun” qəzetinin baş redaktoru, tədbirlərin təşkilatçısı Yasəmən Möhübbətqızı çıxış edərək İSBAM olaraq fəaliyyətlərinin ölkəmizdə prioritet sahə olan vətənpərvərlik mövzusunda olan tədbirlərin təşkilinə yönəldiyini qeyd edib. Vəfa Dəmirçioğlunun simasında bugünkü tədbirin də bir məqsədə - şəhidlərimizi, qəhrəman oğul və qızlarımızı tanıtmağa xidmət etdiyini vurğulayıb. Azərbaycanın Qərb qapısı sayılan Qazaxda bu cür tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. Qazaxda şəhidlərimizə olan hörmət və ehtiramın həmişə yüksək səviyyədə olduğunu, bunun ən bariz nümunəsinin isə şəhərin mərkəzində yaradılan Şəhidlər xiyabanı olduğunu söyləyib. 
“Şəhidlər öləndə deyil, unudulanda ölürlər”, - deyən “Qafqaz-Media” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, şairə Haci Azadə-Taleh bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Şəhidlərimizi gələcək nəsillərə tanıtmaq, onların döyüş yolunun örnək olması üçün hər zaman əlindən gələni əsirgəmədiyini bildirib. Yazdığı poemalarda şəhidlərimizin xatirəsini yad etdiyini qeyd edib. Üçüncü poemasını isə Vəfa Dəmirçioğluna həsr etdiyini bildirib və həmin poemadan bir parçanı təqdim edib.
Tədbirdə Vəfa Dəmirçioğlunun döyüş yoldaşı, silahdaşı olmuş AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu da qəhrəman el qızı haqqında fikirlərini, onunla bağlı xatirələrini bölüşüb. Onun döyüş yoldaşlarına olan səmimi münasibətini, onlara verdiyi ruh yüksəkliyini bu gün də xatırladığını bildirib. Vəfa Dəmirçioğlu kimi qəhrəman qızlarımızın döyüş yolunun, mübarizliyinin, mərdliyinin əsl örnək, döyüş məktəbi olduğunu diqqətə çatdırıb. Şəhidlərə yazdığı şeirini səsləndirməklə onlara olan ehtiramını bildirib.
Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi Qənirə Musayeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Fəridə Rəhimova qəhrəman el qızımıza həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda qəhrəmanın bacısı Zərəngiz Dəmirçi Qayalı çıxış edərək tədbirin təşkilində göstərdiyi dəstəyə, xüsusilə də bacısının adını əbədiləşdirən bulağın inşasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Bugünkü “Unutmayaq ki, unudulmayaq” adlı tədbirin məhz Vəfa Dəmirçioğluna həsr olunmasına görə İSBAM rəhbərliyinə təşəkkürlərini çatdırıb. Tədbirdə iştirak edənlərə razılığını ifadə edən Z.D.Qayalı bu cür tədbirlərin şəhidlərimizə, bacısının ruhuna olan ən böyük ehtiram olduğunu bildirib. Qəhrəman, igid bir el qızının bacısı olduğu üçün hər zaman fəxr etdiyini qeyd edən Qayalı ömrünün yetdiyi müddətdə onun adını, əziz xatirəsini hər zaman uca tutacağını bildirib. Yazdığı şeirlərdə, poemalarda, qələmə aldığı məqalələrdə hər zaman onu gələcək nəsillərə, bugünkü gəncliyimizə tanıtmaq üçün var qüvvəsilə çalışacağını qeyd edib.
 

Keçidlər