Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş "Yüz ilin işığı" adlı qısametrajlı sənədli filmin təqdimat mərasimi keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində çəkilmiş "Yüz ilin işığı" adlı qısametrajlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Qazax Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, təhsil işçiləri, məktəb direktorları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, layihə haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində 20 oktyabr tarixində ilk tədbirin (mühazirə) təşkil olunduğunu bildirib. Bundan əlavə, layihə çərçivəsində 21-27 oktyabr tarixlərində "Breyn Rinq" intellektual oyunu üzrə "Seminariya kuboku" yarışının keçirildiyini qeyd edib. Bu gün isə layihənin sonuncu tədbiri olan Qazax Müəllimlər Seminariyasının tarixi barədə çəkilmiş qısametrajlı filmin təqdimat mərasiminin baş tutduğunu söyləyib. İ.Süleymanov qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Seminariyanın tarixinə qısa ekskursiya etmək, təhsil ocağının yaradılmasının tariximizdə, təhsilimizdə və mədəniyyətimizdə önəmli yer tutduğunu bugünkü gəncliyə, gələcək nəsillərə çatdırmaqdır.
Sonra layihə rəhbəri Tükəzban Süleymanovanın, ssenari müəllifi Allahverdi Musayevin və quruluşçu rejissoru Şamil Muradlının olduğu Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Yüz ilin işığı” adlı qısametrajlı sənədli film nümayiş olunub. S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim Mustafa Mirzəyevin təqdimatında Seminariyanın yaranma tarixi, Qazaxa köçürülməsi ilə bağlı dəyərli fikirlərin, arxivdən istifadə olunan materallar əsasında dolğun məlumatların yer aldığı filmdə 100 yaşlı Seminariyanın tarixinə, Azərbaycan təhsilinə bəxş etdiyi yüksək nailiyyətlərə bir daha nəzər salınıb.
Filmin nümayişindən sonra çıxışlar olub. Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov çıxış edərək əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevə istər Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncamına, istərsə də Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamına görə bir daha rayon ictimaiyyəti, ziyalılar adından dərin minnətdarlığını bildirib. Dövlət başçısının qeyd olunan Sərəncamlarını Qazaxa, qazaxlılara olan diqqət və qayğısı, verdiyi ən yüksək qiymət kimi dəyərləndirib. Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley tədbirinin bütün respublika səviyyəsində qeyd olunduğunu diqqətə çatdıran A.Əmirov bu sahədə görülən işlərdən söhbət açıb. Mart ayında Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi”nin keçirildiyini bildirib. Bundan başqa, may ayında Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlərin müzakirəsi ilə bağlı “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçir¬ildiyini vurğulayıb. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini, 60-dan artıq məruzə dinlənildiyini qeyd edib. Bu günlərdə isə "Azərbaycan elminin və təhsilinin müasir problemləri” mövzusunda reallaşan konfransın materialları əsasında kitab nəşr olunduğunu diqqətə çatdırıb. Film haqqında ürək sözlərini bölüşən A.Əmirov filmin ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını çatdırıb və bu cür lahiyələrin davamlı olmasını arzulayıb.
Qazax Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək 100 yaşlı Qazax Müəllimlər Seminariyasının Azərbaycan təhsilinin inkişafındakı mühüm əhəmiyyətindən bir daha söz açıb. 100 il əvvəl bünövrəsi qoyulmuş təhsilimizin bugünkü uğurlarından danışan G.Quluyeva bunun ən bariz nümunəsi kimi Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr arasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadada məktəblilərimizin, tələbələrimizin qazandığı nailiyyətləri göstərib. Bu olimpiadada istər məktəblilərimizin, istərsə də tələbələrimizin yüksək bilik nümayiş etdirdiklərini, məktəblər və kolleclər, eləcə də olimpiadanın nəticələrinə əsasən, rayonlar arasında Qazax rayonunun birinci yerə layiq görüldüyünü bildirib. Hətta, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nəcəfova Anarə Vasif qızının dörd rayon üzrə məktəblər arasında keçirilən olimpiadada 50 sualdan 49-u cavablandırmaqla 98 balla ən yüksək nəticəni göstərərək I yeri tutduğunu diqqətə çatdırıb. Təhsilimizdə qazanılan uğurların təməlində 100 il əvvəl əsası qoyulan güclü təhsil sisteminin dayandığını, Qazax Müəllimlər Seminariyasının böyük pay sahibi olduğunu bir daha qeyd edib. Film haqqında fikirlərini bildirən G.Quluyeva rayonumuzda bu cür layihələrin həyata keçirilməsini, xüsusilə də gənclərin tarixi keçmişimizə sahib çıxmasını yüksək qiymətləndirib.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü də çıxış edərək film haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, filmi izləyərkən bir daha əmin olduq ki, Azərbaycan təhsilinin tarixi çox dərinliklərə gedir. Azərbaycana S.Vurğun, Ü.Hacıbəyov, M.Maqomayev, F.Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, T.Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edən Qazax Müəllimlər Seminariyasının təhsilimizin inkişafındakı xidmətləri və rolu danılmazdır.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov sonda çıxış edərək təqdimat mərasiminin yüksək səviyyədə keçirilməsində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə, əməyi keçən insanlara bir daha minnətdarlığını bildirib.