Dövlət Bayrağı Günü ilə əlaqədar toplantı keçirilmişdir
Dövlət Bayrağı hər bir dövlətin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağında üç rəngin ifadə etdiyi türkçülük, islamçılıq və müasirlik milli istiqlal ideologiyamızın üç təməl prinsini təşkil edir.
Üç rəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. 1991-ci ilin oktyabr ayının 18-də müvafiq Konstitusiya aktı ilə Dövlət Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul etmişdir.
2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanmışdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu münasibətlə Qazax rayon İcra Hakimiyyətində Dövlət Bayrağı Günü ilə əlaqədar toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev açmış və Azərbaycanın bu günki dövlət bayrağının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan şəhərində, sonra isə Bakı şəhərində və respublikamız üzərində qaldırılması, ölkə prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Rayon icra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova Dövlət Bayrağı Günü ilə əlaqədar geniş məruzə etmişdir. Məruzədə və Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyevin, AMİ-nin Qazax filialının baş müəllimi Mübariz Süleymanovun, “Avey” Qazax Dövlət – Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyevanın və başqalarının çıxışlarında Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirilmişdir.