Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir
Bu gün ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön planda tutulur. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” də bunun bariz nümunəsidir. Qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanan “ASAN xidmət” bu gün ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, “ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Qazax rayon sakinləri də mütəmadi olaraq “ASAN xidmət”in fəaliyyətindən yararlanır.
Məlumat verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6 noyabr 2019-cu il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmət göstərməkdədir.
5 dekabr 2019-cu il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.
30 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti daxildir.
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunur.
Qrup rəhbəri qeyd edib ki, fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 2073 vətəndaşdan 1816 nəfərə xidmət göstərilib.