Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüb

18 noyabr 2019 | 16:00

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib.
Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.
18-21 noyabr tarixlərində həyata keçiriləcək aksiyaya Qazax məktəbliləri də qatılıblar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən Qəbələ-Şəki-Zaqatala rayonlarının görməli yerləri ilə tanış olacaqlar.
Bu gün səhər saatlarında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və təhkim olunmuş şəxslər Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkına toplaşıblar.
Tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər də iştirak ediblər.
Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəblilərə xoş istirahət və rayonumuza qələbə sevinci ilə qayıtmağı arzulayıb.
Övladlarını yola salan valideynlər, eləcə də məktəblilər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə ölkə Prezidenti cənab İlham Əliyevə bir daha minnətdarlıqlarını bildiriblər.
Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş, üzərində "Qazax" sözləri yazılmış gödəkcələr geyinmiş tur-aksiya iştirakçıları xatirə şəkilləri çəkdirdikdən sonra avtobusa əyləşərək saat 08:00-da Heydər Əliyev parkından yola düşüblər.

Keçidlər