Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Narkomaniyaya yox deyək!” adlı aksiya keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının icrası ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu gün növbəti tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-516 nömrəli 28 avqust 2019-cu il tarixli əmrinə əsasən Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.
Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq keçirilən “Narkomaniyaya yox deyək!” adlı aksiya-yürüş rayonun Mədəniyyət Mərkəzinin qarşısından Qazax Dövlət Rəsm Qalereyasına qədər davam edib.
140 nəfərdən artıq şagirdin, 30 nəfər dərnək rəhbərinin qatıldığı aksiyada ictimaiyyət nümayəndələri də fəal iştirak edib.
Yürüş başa çatdıqdan sonra tədbir Qazax Dövlət Rəsm Qalereyasının qarşısında davam etdirilib. Tədbirdə şagirdlərin rəsmlərindən, əl işlərindən ibarət sərgi təşkil olunub.
Bədii qiraət dərnəyinin rəhbəri Xədicə Kazımova və Ekoklub dərnəyinin rəhbəri Gövhər Mustafayevanın dərnək üzvlərinin ifasında “Narkomaniyaya yox deyək!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri giriş sözü ilə açaraq keçirilən aksiya-yürüşün məqsəd və əhəmiyyətindən danışıb. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan söz açıb. Yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi xarakter almasının vacibliyini vurğulayan G.Rəhimova bugünkü tədbirin həmin məqsədə xidmət etdiyini bildirib. Mərkəz olaraq bu cür maarifləndirici tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil olunacağını qeyd edib.
Tədbirdə iştirak edən Qazax RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, Rayon Təhsil şöbəsində metodkabinet müdiri Məhəmməd Cəfərov, fəal gənc Akif Əmirov çıxış edərək narkomaniya və onun törətdiyi bəlalar, onun cəmiyyət üçün yaratdığı fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən söz açıblar. Dövlətimiz və ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü mübarizə tədbirlərini qeyd edərək 22 iyul tarixli Sərəncamla qəbul olunmuş 5 illik Dövlət Proqramını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndiriblər. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq rayon üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsini diqqətə çatdırıblar. Gənc və yeniyetmələrin cəmiyyətimizin ağr bəlası olan narkomaniyadan uzaq olması üçün bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət daşıdığını bir daha qeyd ediblər. Tədbirin təşkilində əməyi keçən insanlara minnətdarlıqlarını çatdırıblar.
Sonda şagirdlərin əl işlərinə baxış keçirilib.