Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada

19 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan qazaxlı məktəblilər Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə birlikdə  səfər proqramına uyğun olaraq bu gün günün ikinci yarısında Zaqatala rayonunda olublar.
Tur-aksiya iştirakçılarını Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, müavin Vəfa Süleymanova və aparatın digər rəhbər işçiləri mehribanlıqla qarşılayıb. Qarşılanma mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Sonra məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Bildirilib ki, “Qızılgüllər diyarı” kimi tanınan, Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır. Qeyd edilib ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən etibarən məhsul istehsalına başlanılıb.
Tur-aksiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev iştirak edib. Ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində onlarla yeniyetmə və gənc məşğul olur.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var. Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.
Sonra məktəblilər Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu Öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.
Məktəblilər “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı müəssisəsində də olublar. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Bu il rayonda 15 min tondan çox fındıq istehsal olunub. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə iki ildir ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir.
“Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılan tur-aksiya iştirakçıları axşam saatlarında Qəbələ rayonuna qayıdıblar. Zaqatalanın tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər bu cür tur-aksiyaların təşkilinə və bu sevinc hissini onlara bəxş etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Ümumiyyətlə, ölkəmizdə tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.
Ənənə halını alan bu cür layihənin təşkil olunmasında isə əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Keçidlər