Fərəhli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüş Qazax rayonunun sərhəddə yerləşən Fərəhli kəndində olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara diqqət və qayğı, göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha səslənib və minnətdarlıq dolu ürək sözləri ilə yüksək qiymətləndirilib.
Sakinləri salamlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.
Ölkə başçısının son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurlarının fəaliyyəti haqqında söylədiyi fikirləri qeyd edən rayon rəhbəri dövlət başçısı tərəfindən verilən tapşırıq və tövsiyələrin, göstərdiyi yolun hər bir dövlət məmurunun, vəzifə sahibinin iş fəaliyyətinin əsasını təşkil etdiyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” kimi söylədiyi fikirlərin hər bir məmur üçün bir örnək olduğunu bir daha vurğulayıb. Eyni zamanda da vətəndaş amilinin hər zaman yüksəkdə tutulmasının bariz nümunəsi kimi qiymətləndirib. “Siz vətəndaşların bizlərə olan sevginiz bizim məsuliyyətimizi daha da artırır”, - deyən icra başçısı ilk gündən bu prinsipə əməl etməyə çalışdığını, daim vətəndaşların arasında olmağı iş fəaliyyətinin əsas tərkib hissəsi kimi gördüyünü bildirib.
Rayon rəhbəri ötən il növbəti dəfə Prezident seçilən dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi qiymətləndirib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb.
İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan daha bir uğurlu addım kimi göstərib. Bundan başqa, Qazaxda inşa olunan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin yüksək səviyyədə başa çatdırılmasını, hazırda su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb və bir daha sakinlər adından ölkə başçısına minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında müxtəlif illər üzrə rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Xanlıqlar, Fərəhli kəndlərində də yeni asfalt yol çəkilişlərinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib.
İcra başçısı son 3 ildə bağçalarla bağlı görülən işlərdən də söhbət açıb. Bu gün rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının ən bariz nümunəsi kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Fərəhli kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir qayğı kimi göstərib.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin növbəti 5 il ərzində uğurla icra olunacağını da diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib.
Son 3 ildə bütün kəndlərdə suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra başçısı Fərəhli kəndində də suvarma suyu ilə bağlı problemin aradan qaldırılması üçün məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. Subartezian quyularının qazılması zamanı ilk olaraq məhz Fərəhli kəndinin diqqət mərkəzində olacağını vurğulayıb.
Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi dəyərləndirib. İcra başçısı hər zaman mərd oğulları ilə tanınan Fərəhli kəndində də qəhrəman döyüşçülərin olduğunu qeyd edib. Rayon rəhbəri həmin qəhrəman oğullardan Aprel şəhidi kapitan Mühüd Orucovun adını çəkərək onun timsalında bütün şəhidlərin xatirəsinin daim yüksəkdə tutulacağını bir daha diqqətə çatdırıb.
Kənd sakinlərindən Musa Musayev, Nürəddin Məmmədov, Bəhram Nəbiyev çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə görülən işlərdən danışan sakinlər qeyd ediblər ki, kəndimizdə bizi narahat edən ən böyük problem yolun əsaslı şəkildə təmir olunmasıdır ki, onun da şad xəbərini bizlərə çatdırdınız. Ölkə başçısının qayğısı sayəsində Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi xəbəri biz çox sevindirir. Ona görə sevindirir ki, ölkə başçısının qayğısı nəticəsində qaldırdığımız hər bir məsələ öz müsbət həllini tapır. Sevinirik ki, Ulu Öndər Heydər Əliyev vaxtilə xalqına, millətinə necə qayğı ilə yanaşırdısa, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də o cür qayğı göstərir. O, necə xalqın arasında olurdusa, bu gün ölkə başçısı da daim biz sakinlərin yanındadır. Biz sakinləri narahat edən ən xırda məsələyə belə xüsusi həssaslıqla yanaşır. Bunu son aylar imzalanan fərman və sərəncamlardan, sakinlərlə olan səmimi görüşlərindən də aydın şəkildə gördük.
Sakinlər rayonda onlara göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdırırıq. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə internetin sürətinin zəif olması, suvarma suyu, yol çəkilişi, artezian quyularının qazılması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.