Vətəndaşların qaldırdıqları məsələyə yerində baxılıb
Respublika Prezidenti cənab İlham Əliyevin hər dəfə çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Bütün işlərdə vətəndaş amili və mövqeyi əsas götürülür. Ölkə başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onlara olan səmimi münasibəti Qazaxda da nümunəvi addım kimi örnək hesab edilir. Son 3 ildə rayon rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara olan diqqəti və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər bunun bariz nümunəsidir. Vətəndaşlar tərəfindən səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan köməklik edilməsi bir daha sübut edir ki, vətəndaş amili hər zaman rayon rəhbərinin iş fəaliyyətinin əsas tərkib hissəsidir. Ən əsası da vətəndaşa olan bu cür səmimi münasibət hər bir rayon sakinində Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır.
Ötən yazımızda rayon rəhbərinin RİHB aparatına ümumi qəbul zamanı müraciət etmiş bir qrup Qarapapaq kənd sakininin yaşadıqları əraziyə su və kanalizasiya xəttinin çəkilməsinin layihədə əksini tapıb-tapmadığını öyrənmək istəmələri barədə müraciətlərinə yerində baxış keçirməsi haqda məlumat vermişdik. Rayon rəhbəri məsələnin araşdırılması, su-kanalizasiya xəttinin çəkilişi üzrə hazırlanan layihədə sakinlərin bildirdiyi ərazinin əksini tapması, qaldırılan məsələnin müsbət həll olunması istiqamətində aidiyyatı təşkilat və rəhbərlik qarşısında məsələ qaldırılması barədə elə yerindəcə müvafiq tapşırıqlar vermişdi.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, tikinti direktorunun daxili layhələr üzrə müavini Fəqani Əkbərov, 8 saylı Tovuz Regional Su-Kanal İdarəsinin rəisi Darvin Hüseynov, Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması və Yol tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev, rayonun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov, Qazax Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və icra aparatının məsul şəxsləri ilə birlikdə yenidən Qarapapaq kəndində olub, sakinlərlə görüşüblər. Mövcud vəziyyəti sakinlərin dilindən eşidən A.Məmmədov və rayon rəhbəri məsələ ilə bağlı onların fikirlərini öyrənib. Vətəndaşlara onların istəklərini nəzərə alaraq qaldırılan məsələnin layihədə öz əksini tapması üçün müraciətlərinə baxılacağı bildirilib.
Sonra icra başçısı və aidiyyatı şəxslər Qazax şəhəri, N.Nərimanov qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş fərdi yaşayış evlərinə kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar müraciətlərinə yerində baxıblar.
Qarabağ müharibəsi əlilləri Həmid Mustafayev, Fizuli İbrahimov, Əli Əliyev, Şükufə Məmmədtağıyeva, Aslan Rəhimov və şəhid ailəsi Eldar Quliyev onlar üçün tikilmiş fərdi yaşayış evlərinə də kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar müraciət etdiklərini bildiriblər. Şəhərin su və kanalizasiya sisteminin çəkilişi üzrə hazırlanan layihədə onların qaldırdıqları məsələnin də nəzərə alınmasını xahiş ediblər. Qarabağ müharibəsi əlilləri ilə səmimi söhbət aparan A.Məmmədov və rayon rəhbərliyi kənd sakinləri kimi onları da narahat edən məsələyə aidiyyatı üzrə baxılacağını qeyd ediblər.
İstər kənd sakinləri, istərsə də Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək diqqətə, dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu gün onların istəyini nəzərə alıb görüşə gəldiklərinə və məsələnin həlli ilə bağlı görüləcək işlərə görə təşəkkürlərini çatdırıblar.