Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında olub

28 noyabr 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilir. Təqdirəlayiq hal isə odur ki, gündən-günə yeni uğurlara imza atan ölkəmizdə bütün sahələr kimi səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması dayanır. Son 15 ildə ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə səhiyyə islahatlarının uğurla reallaşdırılması nəticəsində təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələri də ən müasir avadanlıqla təchiz olunur, müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilir, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olunur.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, Qazaxda bütün sahələr kimi səhiyyə sahəsi də dövlətimizin qayğısı ilə tam əhatə olunub. Dövlət başçısının bu sahəyə olan diqqəti sayəsində rayonda sakinlərin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Rayonda 145 çarpayılıq 10 korpusdan ibarət olan Mərkəzi Xəstəxana Kompleksinin tikintisi də bu sahəyə olan qayğının bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət ayırdığı, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında olması, burada müalicə olunan xəstələrlə görüşməsi isə artıq bir ənənə çevrilib. Belə ki, rayon rəhbəri ilk gündən bu həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşır, istər bayram günlərində, istərsə də adi günlərdə həmişə onları yad edir.
İcra başçısı bu gün də xəstəxanada olub, həm burada aparılan təmir işləri ilə tanış olub, həm də işçilərin və xəstələrin qayğıları, onlara göstərilən xidmətlərlə, ərzaq təminatı ilə maraqlanıb.
Rayon rəhbərliyi burada çalışan həkim və tibb bacıları ilə görüşərək müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab verən yeni xəstəxana kompleksi inşa olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Bununla da dövlətimiz tərəfindən Qazax rayonunda səhiyyənin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaq.
İcra başçısı bildirib ki, ötən il bu xəstəxanada da təmir işləri həyata keçirildi. Əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən görürük ki, şərait xeyli dərəcədə yaxşılaşıb. Bu il üzrə də nəzərdə tutulan bütün təmir işləri yerinə yetirilir və bu işlər bundan sonra da davam etdiriləcək. Qeyd edib ki, bu gün görülən işlərin nəticəsidir ki, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə olunan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibəti köklü surətdə dəyişib.
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurov rayonda inşa olunan və müasir standartlara cavab verən mərkəzi xəstəxana binasına görə ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib. Səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də Psixiatriya Xəstəxanasının kollektivinə və burada müalicə olunan xəstələrə göstərdiyi qayğıya görə icra başçısına sonsuz təşəkkürlərini çatdırıb. Qeyd edib ki, sizin hər dəfə bura gəlməyiniz, xəstələrə baş çəkməyiniz böyük məsuliyyət hissi ilə yanaşı, istər həkimlərdə, istərsə də xəstələrdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Sizin sayənizdə bütün xəstələr əsl dövlət qayğısını hiss edirlər.
Rayon rəhbəri görülən işlərlə yaxından tanış olaraq sonda bir daha tapşırıq və tövsiyələrini verib.

Keçidlər