Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəddə yerləşən Kəmərli kəndində sakinlərlə səyyar görüş keçirilib

28 noyabr 2019 | 16:00

Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən sərhəd kəndlərində yaşayan sakinlərə olan qayğısı, göstərdiyi diqqət, onların qarşılaşdıqları problem və çatışmazlıqların həlli istiqamətində yerindəcə verdiyi tapşırıqlar bu gün hər kəsə yaxşı məlumdur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında isti bir münasibət, doğmalıq yaranıb. Heç də təsadüfi deyil ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısını öz həmkəndliləri hesab edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Kəmərli kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq növbəti səyyar görüş də elə bu kənddə keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb.
Şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini vurğulayan rayon rəhbəri Kəmərlidə keçirilən bugünkü görüşün sayca səkkizinci görüş olduğunu bildirib. Əvvəlki görüşlər kimi bu görüşün də vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu qeyd edib.
Respublika Prezidentinin son günlər dövlət məmurlarının fəaliyyəti haqqında söylədiyi fikirləri qeyd edən rayon rəhbəri dövlət başçısı tərəfindən verilən həmin tapşırıq və tövsiyələrdən hər bir məmurun nəticə çıxarmasını, onun göstərdiyi yolun hər bir vəzifə sahibinin iş fəaliyyətinin əsasını təşkil etməsini bildirib. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” kimi söylədiyi fikirlər hər kəs üçün, o cümlədən də biz məmurlar üçün örnək olmalıdır. “Əsas məqsədimiz Siz vətəndaşlara layiqincə xidmət göstərməkdir”, - deyən icra başçısı həmişə olduğu kimi bundan sonra da bu prinsipə əməl etməyə çalışdığını, daim vətəndaşların arasında olmağı iş fəaliyyətinin əsas tərkib hissəsi hesab etdiyini bildirib.
Rayon rəhbəri ölkə başçısının ötən il növbəti dəfə Prezident seçildikdən sonra vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlardan söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib.
İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, hazırda rayonumuzda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün bunlar eyni zamanda xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir.
Rayon rəhbəri görüşdə dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri 2019-2023-cü illəri əhatə edən növbəti 5 illik Dövlət Proqramına müxtəlif illər üzrə rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Xanlıqlar, Fərəhli  kəndlərində də yeni asfalt yol çəkilişlərinin salındığını bildirib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir qayğı kimi göstərib. Eyni zamanda Qaymaqlı kənd tam orta məktəbin və M.Hüseyn adına məktəb-liseyin də əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
2018-2019-cu tədris ilində istər A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbin, istərsə də A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbin göstəricilərinin qənaətbəxş olduğunu qeyd edən icra başçısı Kəmərli məktəbindən məzun adını qazanan 13 şagirddən 8 nəfərin ali məktəbə sənəd qəbulunda iştirak etdiyini bildirib. Onlardan 5 nəfərin ali, 3 nəfərin isə orta ixtisas məktəbinə daxil olaraq tələbə adını qazandığını qeyd edib. Xanbağı məktəbini məzun olaraq bitirən 6 nəfərdən 4 nəfərin qəbul imtahanında iştirak etdiyini, onlardan da 3 nəfərin ali, 1 nəfərin isə orta ixtisas məktəbinə daxil olduğunu vurğulayıb. Bu göstəricilərin bundan da yüksək olmasını qeyd edərək hər iki məktəbin kollektivinə uğurlar arzulayıb.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi məsələlərdən də danışıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər sərhəd kəndləri kimi Kəmərli kəndində də bu işin tez bir zamanda başa çatması üçün məqsədyönlü işlər görüləcəyini qeyd edib.
Son 3 ildə rayonun əksər kəndlərdə suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra başçısı Kəmərli kəndində də suvarma suyu ilə bağlı problemin aradan qaldırılması üçün təqdirəlayiq işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. 2020-ci ildə qazılması nəzərdə tutulan 24 ədəd subartezian quyusundan Aslanbəyli, Qaymaqlı, o cümlədən də Kəmərli kəndinin hər birində 2 ədəd olmaqla yeni subartezian quyularının qazılacağını vurğulayıb. 
İcra başçısı kənddən qaz xəttinin çəkilişi ilə bağlı müraciət etmiş 14 nəfərin qaldırdığı məsələnin də müsbət həll olunması üçün lazımi danışıqların aparıldığını və bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini də qeyd edib.
Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi dəyərləndirib. İcra başçısı hər zaman mərd oğulları ilə tanınan Kəmərli kəndində də qəhrəman döyüşçülərin olduğunu qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən və gündən-günə bölgələrin sayı artırılan GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından yararlanmağa çağırıb.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.
Kənd sakinlərindən Fərhad Nemətov, Fatma Dərgahquluyeva, Hidayət Orucov, İnsafə Əhmədova, Aynur Məmmədova, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Cavanşir Kərimov, Cavanşir Tomarov çıxış edərək dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib, onlara göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdıra bilirik. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə SİP kabelləşmə işinin aparılması, avtomobil yolunun sıradan çıxan hissələrinin cari təmir olunması, Kəmərli kənd tam orta məktəbin istilik sisteminin qaz xəttinə qoşulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Keçidlər