Qazaxda Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Birliyin Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub.
Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, aşıqlar, şairlər, yubilyarın ailə üzvləri, yaxınları, doğmaları,KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Aşıq Camoy Qurbanovun fəaliyyətini, mədəni-kütləvi tədbirlərdəki iştirakını özündə əks etdirən şəkillərdən və dövrü mətbuatda dərc olunmuş məqalələrdən hazırlanmış guşə ilə tanış olublar.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək yubilyara anadan olmasının 65 illiyi münasibətilə səmimi təbriklərini, ürək sözlərini çatdırıb və tədbiri açıq elan edib. Ulu Öndər Heydər Əliyev tərəfindən saza, sözə verilən yüksək dəyərdən danışan B.Vüsal bu gün mədəniyyətimizin, xüsusilə də aşıq sənətinin layiqincə yaşadıldığını, Ümummilli Liderin qoyduğu ənənələrin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Dahi şəxsiyyətin aşıq sənətinə, aşıqlara, bütövlükdə isə mədəniyyətimizə olan qayğısının bu gün onun layiqli davamçıları olan ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra olunduğunu bildirib. Saz, söz adamlarının yubileylərinin yüksək səviyyədə qeyd olunmasını, aşıqlara, şairlərə beynəlxalq festivallarda ölkəmizi təmsil etmələri üçün geniş imkanlar yaradılmasını həmin qayğının əyani sübutu kimi qiymətləndirib. Dövlətimizin, dövlət başçısının şairlərə, aşıqlara olan qayğısının son 3 ildə rayon rəhbərliyi tərəfindən də olduğu kimi yerinə yetirildiyini qeyd edən B.Vüsal özünün intibah dövrünü yaşayan Qazaxda yubiley tədbirlərinin keçirilməsinin ənənə halını aldığını bildirib. Bu gün ustad Aşıq Camoy Qurbanovun 65 illiyinin belə yüksək səviyyədə geniş auditoriya qarşısında təşkil olunmasını həm yubilyara, həm də saza, sözə verilən ən böyük dəyər kimi qiymətləndirib. Azərbaycan aşıq sənətinin, eləcə də Qazax məktəbinin inkişafında özünəməxsus xidmətləri olan Aşıq Camoy Qurbanovun 65 illik ömrünə və 40 illik aşıq sənətinə ən böyük töhfə olduğunu bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə qonaqları və tədbir iştirakçılarını salamlayıb. Aşıq Camoy Qurbanovu 65 illik yubileyi münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Azərbaycan aşıq sənətinin gələcək nəsillərə ötürülməsində bundan sonrakı həyatında da sağlam canla fəaliyyət göstərməsini arzulayıb. İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd qoydum ki, şairlər, aşıqlar yurdu sayılan, Qərbin qapısı kimi tanınan Qazaxda mədəni-kütləvi tədbirlərin sayı ildən-ilə artsın, bütün yazarlarımızın, şairlərimizin, aşıqlarımızın yubileyləri belə yüksək səviyyədə qeyd olunsun. Son 3 ilə nəzər salsaq görərik ki, biz bu istəyimizə nail olduq. Aşıq Ədalət Nəsibovun istər vida mərasiminin, istər ildönümü mərasiminin yüksək səviyyədə təşkil olunması, qəbirüstü abidəsinin götürülməsi, istərsə də yubileyinin saz bayramı kimi qeyd olunması bir daha göstərdi ki, qazaxlılar aşıq sənətinə, bu sənəti yaşadanlara və gələcək nəsillərə ötürənlərə hər zaman yüksək dəyər verməyi bacarıb və bu, bundan sonra da belə olacaq.
Şəhərin mərkəzində Dədə Ələsgərlə Dədə Şəmşirin qoşa büstlərini qoymaqla, açılışını etməklə bir daha sübut etdik ki, Qazaxda sözlə yanaşı saz da bizim üçün əlçatmaz bir zirvədir. Bizlərin üzərinə də sözü və sazı yaşadanları hər zaman yüksək qiymətləndirmək kimi bir vəzifə düşür. "Aşıq sənəti təkcə saz ifa etmək deyil, eyni zamanda sözü, onun qüdrətini olduğu kimi gələcək nəsillərə ötürməkdir”, - deyən icra başçısı Aşıq Camoy Qurbanovun da sazımızı və sözü yaşadan bir aşıq olduğunu bildirib. Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı yubilyara təqdim olunub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək öz növbəsində yubilyara səmimi təbriklərini çatdırıb. Qazaxın onun üçün doğma bir el olduğunu qeyd edən M.Qasımlı sazın, sözün ali mükafatını başda gəzdirən bu obada olmaqdan məmnunluğunu bildirib. "Aşıq Ədalət Nəsibovun sazın səsini bütün dünyaya tanıtması təsadüfi deyildi”, - deyən natiq qazaxlıların hər zaman sazın qeyrətini çəkən insanlar olduğunu diqqətə çatdırıb. Qazaxa səfərləri zamanı hər dəfə bir yeniliyin şahidi olduğunu, Qazaxın sözün əsl mənasında simasını dəyişdiyini qeyd edən M.Qasımlı bu işlərdə rayon rəhbərliyinin böyük əməyi olduğunu bildirib və bütün bunların Qazaxdan kənarda yaşayan qazaxlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılandığını qeyd edib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin də həmin işlərin davamı olduğunu bildirib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsini bu sənətə verilən ən böyük qiymət kimi dəyərləndirib. Rayon rəhbərinin aşıq sənətinin yaşadılması istiqamətində gördüyü işlərin bariz nümunəsi kimi belə yubiley tədbirlərinin təşkil olunmasını və aşıqlara olan qayğısını göstərib.
Camoy Qurbanov haqqında ürək sözlərini çatdıran natiq onu ustad aşıq adlandırıb və bu cür aşıqlarımızı qorumağı, sahib çıxmağı tövsiyə edib. Dədə Ədalətlə könül dostluğu edən aşığın repertuarının gələcək nəsillərə ötürülən zəngin bir repertuar olduğunu qeyd edib və gənc aşıqları bu cür sənətkarlardan bəhrələnməyə çağırıb. Yubilyarı sonda bir daha təbrik edən M.Qasımlı Birlik adından olan Fəxri Fərmanı ona təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edərək aşıq simasının bütün layiqli tərəflərini özündə cəmləşdirən Camoy Qurbanovu yubileyi münasibətilə təbrik edib. "Bir aşığı aşıq edən öncə onun mühitidir. Gördüyü ustadlar və iştirak etdiyi el şənlikləridir”, - deyən İ.Qəsəbova Camoy Qurbanovun Dədə Ədalət kimi bir ustaddan bəhrələndiyini, daim el şənliklərində iştirak etdiyini və aşıq sənətini həmin şənliklərdə layiqincə təmsil etdiyini bildirib. Qeyd edib ki, bu gün ustad aşıqların ruhu şaddır ki, onların davamçıları olan aşıqlarımıza belə yüksək dəyər verilir. Bunun bariz nümunəsi də bugünkü tədbirdir.
Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Məmməd Qocayev də yubilyarı təbrik edərək bugünkü tədbiri onun yaradıcılığına verilən böyük qiymət kimi qeyd ediblər. Elin oğlu, elin ağsaqqalı olan Camoy Qurbanovun aşıq sənətinin inkişafındakı xidmətlərinin gələcək nəsillər, yetişməkdə olan gənc aşıqlar üçün bir örnək və məktəb olduğunu vurğulayıblar. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Tamella Poladlı da yubilyara yazdığı şeirlə onu təbrik edib, xoş arzularını çatdırıb.
Sonra söz yubilyarı təbrik etmək üçün aşıqlara verilib. Bakı şəhərindən qonaq gəlmiş Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə” folklor qrupunun üzvü Nailə Qurbanova, Gəncədən qonaq gəlmiş Kəlbəcərli balaban ustası İbad Allahverdiyev, Ağstafadan gəlmiş Aşıq Eldar Göycəli, Qazax Aşıqlarından Hacı Abdıyev, Hüseyn Dərgahquluyev və Kifayət Dərgahquluyeva, Yaşar Gülümcanov, Şahin Süleymanov, Ruslan Məzəmli bir-birindən rəngarəng saz havaları ilə yubilyarı təbrik ediblər. Azərbaycan aşıq sənətinin inkişafında, gələcək nəsillərə ötürlüməsində Aşıq Camoy Qurbanovun öz dəst-xətti olduğunu bildiriblər.
Sonda Aşıq Camoy Qurbanov çıxış edərək bugünkü yubiley tədbirinə və onun yaradıcılığına verilən yüksək qiymətə görə başda ölkə başçısı və Birinci vitse-prezident olmaqla rayon rəhbərliyinə öz adından və ailəsi adından dərin minnətdarlığını bildirib. Tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara təşəkkürlərini çatdırıb.
Yubiley tədbiri Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət saz qrupunun ifasında Xalq şairi Səməd Vurğunun "Azərbaycan” şeirinə hazırlanmış mahnı töhfəsi ilə başa çatıb.