Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyətlə əlaqədar növbəti müşavirə keçirilib

30 noyabr 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan şərait dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ulu Öndər Heydər Əliyev tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən qayğı bu gün də hiss olunur və bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Son illər ölkə rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəni diqqət mərkəzində saxlaması, məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar bunu söyləməyə əsas verir.
Bu gün sevindirici haldır ki, respublikamızda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Qazax rayonunda da öz əksini tapmaqdadır. Qazaxda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri isə uşaqlarla bağlı olan sahədir. Bu gün rayonda bütün sahələrlə yanaşı azyaşlı körpələrin sağlam və düzgün ruhda böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi qayğı ilə yanaşması, onun qayğısı sayəsində rayonda olan bağçaların yüksək səviyyədə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu dediklərimizin əyani sübutudur. Bu gün hər bir rayon sakini böyük fəxr və qürur hissi ilə söyləyə bilər ki, rayonda mövcud olan 25 uşaq bağçasından 21-i tam müasir standartlara cavab verən səviyyədədir. Diqqətçəkən məqamlardan biri isə bağçalarda yaradılan şəraitlə yanaşı uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğının daim diqqət mərkəzində saxlanılmasıdır.
Bu gün Qazax Gənclər Mərkəzində Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, rayonda fəaliyyət göstərən bağça müdirlərinin, tərbiyəçilərin, dayələrin, təsərrüfat müdirlərinin, xadimələrin, aşbazların. gözətçilərin iştirakı ilə bağçaların mövcud vəziyyətinə dair geniş tərkibdə keçirilən müşavirə uşaqlara göstərilən qayğı ilə yanaşı bu sahənin daim diqqətdə olmasından xəbər verir.
Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Adil Vəliyev, Gülnar Quluyeva, Qurban Babayev, İlyaz İsmayılov çıxış edərək bugünkü müşavirənin məqsəd və əhəmiyyətindən söz açıblar. Çıxış edənlər bu gün ölkə başçısının və rayon rəhbərliyinin uşaqlara olan qayğısının, onların parlaq gələcəyi naminə gördüyü işlərin göz qabağında olduğunu və gündən-günə də geniş vüsət aldığını diqqətə çatdırıblar. Qeyd ediblər ki, əvvəllər bağçalarda olan mövcud şərait ucbatından valideynlər övladlarını bağçaya gətirməkdən imtina edirdilərsə, bu gün əksinə bağçalarda növbə yaranıb. Hər kəs övladının rayonda mövcud olan həmin təmirli bağçalarda tərbiyə olunmasını istəyir. Təbii ki, bu təsadüfi deyil. Çünki hər bir valideyn bağçalardakı şəraitə də, uşaqlara olan qayğıya da yaxşı bələddir.
Müşavirədə qeyd olunub ki, bugünkü görüşün əsas məqsədi qarşıdan gələn qış mövsümü ilə əlaqədar bağçalardakı mövcud vəziyyəti öyrənmək və hazırlıq işlərini müzakirə etməkdir.
Geniş fikir mübadiləsi əsasında keçən müşavirədə ərzaq məhsullarının düzgün saxlanılması, uzun müddət bağçaya gəlməyən uşaqların gəlməmə səbəbinin araşdırılması və valideynlərinə xəbərdarlıq olunması, istər uşaqların, istərsə də işçilərin şəxsi işlərinin qaydaya salınması, imtiyazlı ailələr nəzərə alınmaqla uşaqların bağçaya növbəlilik əsasında götürülməsi, əmək intizamına ciddi əməl olunması və s. kimi məsələlər müzakirə olunub. Həmişə olduğu kimi körpələr üçün yaradılan şəraitlə yanaşı uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyətinin bundan sonra da nəzarətdə saxlanılacağı bildirilib. Bağçalarda istər yataq otaqlarında, istər mətbəxdə, istər oyun otaqlarında təmizliyə riayət olunması, uşaqların sağlamlığının hər şeydən vacib sayılması bir daha diqqətə çatdırılıb.
Şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Aynurə Abbasova, Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quluyeva, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Qurbanova, Dəmirçilər kənd körpələr evi-uşaq bağçasının müdiri Ləman Miralayeva, Cəfərli kənd uşaq bağçasının müdiri Gülcöhrə Əsədova, Bala Cəfərli kənd uşaq bağçasının müdiri Güllər Kosayeva, Aşağı Əskipara körpələr evi-uşaq bağçasının müdiri Şəfiqə Mustafayeva çıxış edərək ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə rəhbərlik etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Müşavirədə səslənən fikirlərə, müzakirə olunan məsələlərə bundan sonra da ciddi əməl edəcəklərini qeyd ediblər.

Keçidlər