Qazaxda Uşaq Hüquqları Aylığı keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması aidiyyatı qurumlar qarşısında müvafiq vəzifələr qoymuş və uşaqların inkişafı üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirmişdir. Bu baxımdan hər il 20 oktyabr – 20 noyabr tarixlərində Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq “Uşaq hüquqları aylığı” elan olunur, dövlət qurumları, yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin QHT və KİV-lər, icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Bu il də respublikamızın hər yerində olduğu kimi, Qazaxda da rayon İcra Hakmiyyətinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Tədbirə Heydər Əliyev Mərkəzində strat verilmişdir. Uşaq hüquqları aylığının keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin və effektiv müdafiəsinin yaxşılaşdırılması olmuşdur. Bununla əlaqədar Qazax rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş, aidiyyatı qurumlara tövsiyə və tapşırıqlar verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Rayon Təhsil şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin işçiləri rayonun ümumtəhsil məktəblərində olmuş, uşaqların hüquqları ilə əlaqədar şagirdlərlə söhbətlər aparmışlar. Görüşlərdə uşaq hüquqları barədə azyaşlıları maraqlandıran məsələlər haqqında suallar cavablandırılmış, bu barədə onlara ətraflı məlumatlar verilmişdir. Qazax şəhər 1, 2, 4, 5 N-li tam orta məktəblərdə, məktəb-liseydə görüşlər daha maraqlı keçmişdir. Belə ki, həmin məktəblərdə ölkəmizdə uşaqlar üçün yaradılmış şəraitdən, uşaqların iştirakı ilə keçirilmiş tədbirlərdən bəhs edən foto-stendlər düzəldilmiş və şagirdlərin iştirakı ilə vaxtaşırı maraqlı görüşlər və tədbirlər təşkil edilmişdir. Hər dəfə keçirilən görüşlərdə uşaqlara onların hüquqlarından, uşaq hüquqları konvensiyasından danışılmışdır. Uşaq hüquqları prinsipləri və müddəaları barədə valideynlərə və uşaqlara məlumatlar verilmişdir. Konvensiyada əks olunan bir çox sahələr üzrə olan maddələr uşaqlara ətraflı şəkildə izah edilmişdir.
Uşaqlara Konvensiyada əks olunan bir çox müddəalar: uşaqların fiziki, əqli və mənəvi inkişafı üçün lazımi həyat səviyyəsinin yaradılması haqda, hər bir uşağın təhsil almaq, istirahət etmək, zərər vura biləcək hər bir hadisədən müdafiə olunmaq, eləcə də digər hüquqları özündə əks etdirən maddələr barədə ətraflı məlumat verilmişdir.
Aylığın sonunda valideynlər və uşaqlar keçirilən tədbirlərdən razı qaldıqlarını bildirmişlər.