Qazax Rayon İcra Hakimiyyətində Könüllü fəaliyyətini uğurla başa vuran gənclərə Şəhadətnamələr təqdim olunub
Respublika Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi Qazaxda da uğurla yerinə yetirilir. Dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək kimi qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyətində “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aparatın strukturunda Könüllülük fəaliyyətinin genişləndirilməsi, rayonda gənclər arasında Könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Ən əsası da gənclər tərəfindən maraqla qarşılanan bu faəliyyət dövlətin və ölkə başçısının gənclərə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.
BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 Dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi" keçirilir.
Bu gün "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Qazax Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərə Şəhadətnamələr təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində də daim nailiyyət qazanmalarını arzulayıb. Ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açan rayon rəhbəri dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini qeyd edib. Ölkə Prezidentinin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışan icra başçısı bu fəaliyyətin istər dövlətimiz, istərsə də gənclər üçün çox önəmli olduğunu bildirib. Qeyd edib ki, Dövlət Proqramında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulub ki, Könüllülük fəaliyyəti bu baxımdan böyük əhəmiyyət kəsb edir və gənclərə geniş imkanlar açır.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğını bir daha minnətdarlıq hissi ilə qeyd edən rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. 1 apreldən fəaliyyətə başlayan Qazax GİKM-nin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından yararlanmağa çağırıb. Eyni zamanda mərkəzin rəhbərliyinə könüllü fəaliyyətini uğurla başa vuran gəncləri də keçirilən tədbirlərə, layihələrə cəlb etməyi bildirib və bu barədə tapşırıq verib.
“Bu Könüllülük fəaliyyəti siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə etdiklərini qeyd edib. Bildirib ki, bu fəaliyyət dövründə sizlərə olan qayğı bir daha onu göstərdi ki, Qazax Rayon İcra Hakimiyyətinin timsalında bütün qapılar siz gənclərin üzünə hər zaman açıqdır. Sonda rayon rəhbəri cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb.
Könüllülərdən Fəridə İsgəndərova, Səbinə Camalova, Səadət Nuruşova, Aqil Alıcanov, Kamran Məmmədov, Araz İsmayılzadə və başqaları çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Gənclər bu müddət ərzində etik davranış qaydalarından tutmuş nizam-intizama kimi ən xırda elementləri, sənədləşməni, iş həyatına uyğunlaşmanı, hətta vaxtı düzgün tənzimləməyi belə öyrəndiklərini qeyd ediblər. Ən əsası da bütün bu müddət ərzində hər bir uğurlu işin arxasında gərgin əməyin və məsuliyyətin dayandığını öyrəndiklərini söyləyiblər. Onlara olan səmimi münasibətə və böyük qayğıya görə başda ölkə başçısı İlham Əliyev olmaqla Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov da çıxışı zamanı Könüllülüyün hər bir gəncin həyatında ilkin mərhələ olduğunu bildirib. Gənclərin könüllü olaraq ilk təcrübələrini Qazax Rayon İcra Hakimiyyətində keçmələrini onlar üçün böyük şans kimi qiymətləndirib. GİKM olaraq hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənc fəal Akif Əmirov isə bildirib ki, dövlətin, ölkə rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hər an hiss edən bir qüvvə var ki, o da biz gənclərik. Bu gün biz gənclər dövlətimizin qayğısını Sizin kimi rəhbərin timsalında hər an hiss edirik. İcra başçısının Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının UNİCEF-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsini böyük səylə dəstəkləməsini gənclərə olan daha bir qayğısı kimi dəyərləndirib. Rayon gəncləri adından onlara olan diqqət və qayğıya görə bir daha minnətdarlığını bildirib.
Sonra könüllü fəaliyyətini uğurla başa vuran İsgəndərova Fəridə Taryel qızına, Alıcanov Aqil Məzahir oğluna, Camalova Səbinə Arif qızına, Məmmədov Kamran Natiq oğluna, Nəbiyeva Leyla Afiq qızına, Qurbanova Elnarə Müşviq qızına, Zülfüqarov Ülvi Əfsər oğluna, İsmayılzadə Araz Mübariz oğluna və Nuruşova Səadət Vidadi qızına Şəhadətnamələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.