Qazaxda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Təbiətə öz töhfəni ver” devizi altında təşkil edilən kampaniya çərçivəsində bayram tədbiri keçirilib
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi Qazaxda da böyük rəğbətlə qarşılanıb. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli və Çaylı kəndlərində yol kənarında 3 min ədəd şam ağacı tingi əkilib.
Ağacəkmə aksiyası başa çatdıqdan sonra “Təbiətə öz töhfəni ver” devizi altında təşkil edilən kampaniya çərçivəsində bayram tədbiri keçirilib. Qazax Gənclər Mərkəzinin qarşısında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə 3 mindən artıq insan iştirak edib.
Tədbirə Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın, xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivinin təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırlanmış kompozisiyanın səsləndirilməsi ilə start verilib.
Tədbir iştirakçıları əvvəlcə Rayon Gənclər və İdman İdarəsinin idmançıları tərəfindən təqdim edilən boks, karate və ağır atletika üzrə nümunəvi çıxışları izləyiblər.
Tədbirin aparıcısı, fəal gənc Akif Əmirov bayram tədbirini açıq elan edərək bugünkü əlamətdar hadisənin əhəmiyyətindən, ölkəmizdə dahi şəxsiyyətlərə verilən yüksək qiymətdən söz açıb və təbrik üçün sözü icra başçısı Rəcəb Babaşova verib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün səbəbkarı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz adından və qazaxlılar adından minnətdarlığını bildirib. Rayon rəhbəri “Təbiətə öz töhfəni ver” devizi altında təşkil edilən aksiya ilə tarixi keçmişimizə bir daha dəyər verdiyimizi diqqətə çatdırıb. İcra başçısı Mehriban xanımın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu gün respublikamızda ilk dəfə reallaşan 650 min ağac əkilməsini kampaniyasını şairin yaradıcılığına verilən ən böyük töhfə kimi qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal da tədbirdə çıxış edərək dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, ziyalılara verilən yüksək dəyərdən danışıb. B.Vüsal mütəfəkkir şairə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymət verildiyini, dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə anadan olmasının 600 illiyinin böyük təntənə ilə qeyd olunmasını diqqətə çatdırıb. Ümummilli Liderin Böyük şair İmadəddin Nəsimiyə verdiyi yüksək dəyərin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən də olduğu kimi davam etdirildiyini bildirib. Qeyd edib ki, ölkə başçısı istər İ.Nəsiminin 650 illik yubileyinin dünya miqyasında qeyd olunması, istərsə də 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı müvafiq Sərəncamlar imzalamaqla bir daha sübut etdi ki, dövlətimiz milli-mənəvi dəyərlərinə hər zaman sahib çıxmağı bacarır və bundan sonra da bacaracaq. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan bugünkü aksiyanı da dahi şairə olan qayğının davamı kimi qiymətləndirən B.Vüsal bu cür nəcib addımına görə ziyalılar adından bir daha minnətdarlığını çatdırıb.
Bayram tədbiri incəsənət ustalarının, aşıqların, xor kollektivlərinin bir-birindən şən mahnı töhfələri ilə davam etdirilib.
Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi məktəblərinin xor kollektivlərinin ifasında təqdim olunan “Şən Azərbaycan”, 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim kollektivinin ifasında səslənən “Xalqımın günləri” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Gənc müğənnilərdən Nəsimi Aşbazovun ifasında səslənən “Azərbaycan”, Lalə Əliyevanın ifasında səslənən “Qurban olum Azərbaycan”, Gültəkin Hüseynovanın ifasında səslənən “Neylərəm” mahnıları tədbirə böyük ovqat qatıb.
BDU-nun Qazax filialının tələbəsi Qənirə Musayevanın mütəfəkkir şair İmadəddin Nəsiminin “Ayrılır” qəzəlini söyləməsi isə dahi şairin yaradıcılığına daha bir ehtiram olub.
Aşıqlardan Camoy Qurbanov, Şahin Süleymanov, Ruslan Məzəmli, şəhər 1 və 2 nömrəli Uşaq Musiqi məktəblərinin saz kollektivi tərəfindən təqdim olunan bir-birindən şən-şux saz havaları da tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
2 nömrəli Uşaq Musiqi məktəbinin şagirdi Sarif Vəliyevin təqdim etdiyi “Azərbaycan” mahnısı da tədbirə toplaşanlara xoş anlar bəxş edib.
Əsl bayram əhval-ruhiyyəli tədbir Qazax Mədəniyyət Mərkəzinin “Qönçə” rəqs qrupunun ifasında təqdim olunan “Neylərəm” kompozisiyası ilə başa çatıb.