Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı müşavirə keçirilib

09 dekabr 2019 | 16:00

Bu gün Qazaxda aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı müşavirə keçirilib. Ədəbiyyat Muzeyində keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Elektron Kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Asif İsmayılov, şöbənin məsləhətçisi Mədət Xıdırlı, Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Baxış Əhmədov, şöbə müdirinin müavini Bəxtiyar Məmmədov, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq qonaqları salamlayıb, böyük əhəmiyyət kəsb edən bu cür tədbirin keçirilməsinə görə başda Kənd Təsərrüfatı naziri İnam Kərimov olmaqla nazirliyin əməkdaşlarına minnətdarlığını bildirib. Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olan şəffaflığın kənd təsərrüfatı sahəsində də təmin olunduğunu bildirən icra başçısı Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqini bunun bariz nümunəsi kimi qiymətləndirib. Kənd təsərrüfatında yeni elektron subsidiyaların tətbiqini də bu sahədə görülən uğurlu işlərdən hesab edib. Ən əsası isə atılan bütün addımların arxasında vətəndaş amilinin dayandığını qeyd edib.
Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Bugünkü müşavirənin məqsəd və əhəmiyyətindən danışan nazir müavini Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətində hər zaman fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürdüyünü bildirib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin də bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirdiyini qeyd edib. Hər üç prinsipin fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutduğunu vurğulayıb.
İ.Quliyev bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, eləcə də yeni aqrar subsidiya mexanizminin tətbiqi aqrar sahəyə dövlət dəstəyinin elektron hökumət üzərindən həyata keçirilməsini nəzərdə tutur. Nazir müavini bununla əlaqədar artıq bir ildir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin istifadəyə verildiyini, ilin əvvəlindən başlayaraq görülən işlər nəticəsində 350 mindən artıq fermerin yeni sistemdə qeydiyyatdan keçdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, EKTİS fermerlərə bir sıra üstünlüklər verir. Aqrar xidmətlərin elektronlaşdırılması nəticəsində subsidiyaların verilməsinə kağız sənəd dövriyyəsi aradan qalxacaq, ünvanlılıq, əlçatanlıq daha yaxşı təmin olunacaq. Sistemdə özünə şəxsi kabinet yaradan fermerlər EKTİS üzərindən təkcə subsidiya almayacaq, həmçinin mobil telefon, planşet və masaüstü kompüter vasitəsilə aqrar xidmətləri sifariş edə biləcəklər. Xidmətlərin göstərilməsində şəffaflıq, operativlik və əlçatanlığın təmin olunması aqrar sahənin daha da inkişafına müsbət təsir göstərəcək.
İ.Quliyev bildirib ki, subsidiyaların verilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi ilə yanaşı, həm də fermerlərin maddi rifah halının yaxşılaşdırılması deməkdir. Bu baxımdan da elektron sistemə keçmənin çox böyük üstünlükləri vardır. Qanunun aliliyini qorumaq şərtilə ən xırda məsələlərin həllinə kömək etməklə dövlət tərəfindən verilən subsidiyadan hər bir təsərrüfat sahibinin yararlanmasının vacibliyini bir daha vurğulayıb. Nazir müavini bütün sahələr üzrə birinci olan Qazaxda ümumrespublika işinin uğurla yerinə yetiriləcəyini qeyd edib. Bu günədək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20 rayonda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görüşlər keçirildiyini qeyd edən nazir müavini bu cür görüşlərin Azərbaycanın bütün rayonlarını əhatə edəcəyini bildirib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Reyestr Xidmətinin Qazax rayon şöbəsinin müdiri Faiq Binnətov, Xanlıqlar İƏD üzrə nümayəndə Xasay  Balayev, İkinci Şıxlı İƏD üzrə nümayəndə Natiq Qədimov, sahibkarlardan Nüsrət Aşırov, İlham Piriyev, Mustafa Abdullayev, Əli Mustafayev, Elxan Cürənov və başqaları çıxış edərək bu cür maarifləndirici tədbirin keçirilməsinə görə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri iştirakçılara EKTİS-də qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi proseduru, məlumatların daxil edilməsi ardıcıllığı barədə geniş məlumat verib, ünvanlanan sualları cavablandırıblar. Vurğulanıb ki, fermerlər EKTİS-in tətbiqi ilə əlaqədar ortaya çıxan sualları Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və nazirliyin 1652 saylı Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Həm DAİM-lərdə, həm də “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət pəncərələrində fermerlərə gün ərzində informasiya-məsləhət xidməti göstərilir.
Qeyd edək ki, EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə əlaqədar fermerlərə köməklik göstərmək üçün bütün rayonlarda DAİM-lər nəzdində mobil səyyar qruplar yaradılıb. Qrup üzvləri kəndlərə gedərək fermerlərə payızlıq əkinləri bəyan etməsi ilə bağlı texniki xidmət göstərirlər.


 

Keçidlər