Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə olub

10 dekabr 2019 | 16:00

Bu gün birmənalı şəkildə deyə bilərik ki, son illər müstəqil Azərbaycanımızda dövlətin və cəmiyyətin qayğısını hər zaman hiss edən bir təbəqə var ki, o da gələcəyimiz olan uşaqlardır. Bunu ölkəmizdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması istiqamətində görülən işlərdən, gənc və yeniyetmələrə olan qayğının istər dövlətin, istərsə də cəmiyyətin başlıca prioritet sahələrindən birini təşkil etməsindən aydın şəkildə görmək olar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu diqqət və qayğının bu gün onun layiqli davamçıları olan dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, Azərbaycan öz gələcəyini sağlam ruhlu, əqidəli, bilikli, savadlı gənclərlə birlikdə görür, onlara etibar edir. Məhz bu səbəbdən təhsil sahəsi dövlət siyasətinin başlıca istiqamətlərindən biri hesab olunur. Təhsil sahəsinə olan diqqət və qayğının əyani göstəricisi isə inşa olunan çoxsaylı uşaq bağçaları, məktəb binaları və təhsil ocaqlarıdır.
Sevindirici haldır ki, ölkə rəhbərinin uşaqlara, xüsusilə də təhsil sahəsinə olan diqqət və qayğısı Qazaxda da olduğu kimi hiss olunmaqdadır. Belə ki, son 3 ildə rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisi, göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. İcra başçısının uşaqlarla görüşməsi demək olar ki, iş fəaliyyətinin əsas tərkib hissəsinə çevilib. Bu görüşlər isə istər kəndlərdə, istərsə də şəhərdə ola bilər. Demək olar ki, rayon rəhbərinin mütəmadi olaraq bağçalarda, məktəblərdə uşaqlara baş çəkərək qayğıları ilə maraqlanması artıq bir ənənəyə çevrilib.
“Uşaqlar mənim üçün ayrı dünyadır, onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini öz işlərində də hər zaman əyani şəkildə əks etdirir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə almaları, Vətənlərinə layiqli övad kimi yetişməsi üçün hər cür şərait yaradır. Rayon rəhbərinin balaca fidanlara olan sevgisinin bariz nümunəsini isə təkcə son 3 ildə Qazaxda bağçalarla bağlı görüdüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 21-i müasir standartlara cavab verən səviyyədədir. Bağçalarda yaradılan şərait də rayon rəhbərinin “Uşaqlar hər şeyin ən yaxşısına layiqdir” cümləsini əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Elşən Cəfərov adına  Çaylı kənd 2 nömrəli tam orta məktəbdə olub. Rayonda, eləcə də yaşadığı Çaylı kəndində aparılan abadlıq, quruculuq işlərinə, uşaqlara, gənclərə olan sonsuz sevgisinə görə minnətdarlıq məktubu yazan Çaylı kənd tam orta məktəbin X B sinif şagirdi İsmayılova Aysun Ceyhun qızı ilə görüşüb, öz növbəsində təşəkkürünü çatdırıb. “Özümə borc bildim ki, görülən işləri qiymətləndirməyi bacaran məktəbliyə öz təşəkkürümü bildirim və onlara olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını çatdırım”, - deyən rayon rəhbəri şagirdlərlə səmimi söhbət edib. Dövlətimiz və dövlət başçısı tərəfindən uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam əqidədə, vətənpərvər ruhda böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait yaradıldığını bildirib.
Sinif rəhbəri Nailə Allahverdiyeva bugünkü görüşü istər müəllimlər, istərsə də şagirdlər üçün unudulmaz günlərdən biri hesab edib və minnətdarlığını bildirib. Bu görüşün şagirdlərə böyük ruh yüksəkliyi verdiyini qeyd edən sinif rəhbəri onlara olan diqqət və qayğını qazandıqları nailiyyətlərlə doğrultmağa çalışacaqlarını bildirib. 15 nəfərdən çox şagirddən yüksək nəticələr gözlədiyini qeyd edib.
Sonra icra başçısı Afət Carçıyevanın sinif rəhbəri olduğu I C, Zülfiyyə Məşədiyevanın sinif rəhbəri olduğu I B siniflərində elmin sirlərinə dərindən yiyələnən birincilərlə də görüşüb. Şagirdlərin söylədikləri şeirləri dinləyib, onların bilik məharətlərini izləyib.
Daha sonra müəllimlər otağında müəllimlərlə görüşən icra başçısı dövlətin, ölkə rəhbərinin təhsil sahəsinə, xüsuilə də gənclərə olan qayğısından söz açıb. Hər zaman bütün sahələrdə gənc kadrlara üstünlük verildiyini bildirib. Bu gün gəncliyin bir addımlığında dayanan onuncuların və onbirincilərin qarşısında böyük nailiyyətlər, ən əsas da müstəqil Azərbaycanın layiqli vətəndaşı olaraq yetişmək kimi böyük bir amal dayandığını qeyd edib. İstər təhsil aldıqları, istərsə də gələcəkdə çalışdıqları müddətdə hər zaman Azərbaycanın, yaşadıqları rayonun, hətta, təhsil aldıqları ali və ya orta məktəbin adını daim uca tutmağı tövsiyə edib.
Rayon rəhbəri hər bir məktəbin qazandığı uğurda müəllimlərin böyük pay sahibi olduqlarını vurğulayıb. Rayon məktəbləri arasında Çaylı kənd 2 nömrəli tam orta məktəbin də nümunəvi məktəblərdən biri olduğunu deyən rayon rəhbəri bu məktəbdə savadlı gənclər ordusunun yetişdiyini bildirib. Rayon rəhbəri Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr arasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiadada E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin II yeri tutmasını, məktəbin şagirdlərindən Nəcəfova Anarə Vasif qızının dörd rayon üzrə məktəblilər arasında keçirilən olimpiadada 98 balla ən yüksək nəticəni göstərərək I yerə layiq görülməsini, digər şagirdlərdən Aybəniz Nuruyevanın və Nuranə Nuruyevanın da həmyaşıdları arasında fərqlənmələrini bunun bariz nümunəsi kimi qiymətləndirib. Bu cür nailiyyətlərin davamlı olmasını qeyd edən rayon rəhbəri müəllim-şagird kollektivinə bir daha uğurlar arzulayıb.
Məktəbin direktoru Abbas Carçıyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Göyüşova, tədris işləri üzrə direktor müavini Mətləb Cəlilov rayon rəhbərinə səmimi ürək sözlərini çatdırıblar. Məktəblərinə gəlməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü, körpə balaların, gənclərin ünvanına səslənən dəyərli fikirləri uşaqlara olan qayğının əyani sübutu kimi qiymətləndiriblər. Uşaqlara olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar.
Uşaqlarla səmimi şəkildə görüşən icra başçısı onlarla xatirə şəkilləri də çəkdirib.
Məlumat üçün qeyd edək ki, hazırda Çaylı kənd 2 nömrəli tam orta məktəbdə 583 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 76 nəfər müəllim məşğul olur. 21 nəfər texniki işçi çalışır. Bu il məktəbin hazırlıq siniflərinə 61 nəfər, I siniflərə isə 63 nəfər şagird qəbul olunub. IX sinifdə 51 şagird təhsil alır. 2019-2020-ci tədris ilində məzun adını qazanacaq onbirincilərin sayı isə 37 nəfərdir. Həmin məzunlardan 26 nəfərinin ali məktəblərə qəbul üçün sənəd vermələri gözlənilir.
2018-2019-cu tədris ilində də məktəbin göstəriciləri qənaətbəxş olmuşdur. Belə ki, məktəbi məzun kimi bitirən 32 nəfər şagirddən 15 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişdir. Onlardan 12 nəfəri, ötən ilin məzunlarından isə 2 nəfər nəticə göstərərək ümumi qəbul olan məzunların sayı 14 olmuşdur. Ali məktəblərə qəbul olanlardan 2 nəfəri 634 balla Babayeva Günel Yasin qızı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 559 balla Tanrıverdiyeva Elmira Amil qızı isə Bakı Dövlət Universitetinə qəbul olmuşdur.

Keçidlər