Qazaxda 2019-2020-ci tədris ilində təhsilin keyfiyyətinin artırılmasına dair növbəti müşavirə keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsindən asılıdır və bu sahənin inkişafı hər bir ölkə üçün inkişaf konsepsiyasının mühüm tərkib hissəsi hesab edilir. Sevindirici hal isə odur ki, müstəqil Azərbaycan da bu ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı Sərəncamlar da söyləməyə əsas verir. Təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən bütün tədbirlər bir daha onu sübut edir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bunun üçün də son 15 ildir ki, uğurlu təhsil islahatı həyata keçirilməkdədir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsil sahəsinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini əyani şəkildə göstərir.
Respublikamızın hər yerində olduğu kimi Qazaxda da son 3 ildir ki, təhsil sahəsi prioritet sahələrdən hesab olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsini daim diqqət mərkəzində saxlaması, ölkə başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab etməsi bu gün hər kəsə yaxşı məlumdur. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq keçirdiyi görüş, iclas və müşavirələrdən, ən əsası da verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur.
Həmişə olduğu kimi bu gün də 2019-2020-ci tədris ilində təhsilin keyfiyyətinin artırılması məqsədilə növbəti müşavirə keçirilib. Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra aparatının məsul şəxsləri və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışıb. Qazax təhsilinin ildən-ilə inkişaf etməsi üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.
Bugünkü müşavirənin məqsəd və əhəmiyyətindən söz açan icra başçısı 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.
Geniş müzakirələrlə keçən müşavirədə davamiyyətin yoxlanılması və jurnala qeyd edilməsi, məktəb kollektivinin davamiyyətinin, müəllimlərin gündəliklərinin proqramlarının yazılıb yazılmamasının nəzarətə götürülməsi, sinif jurnallarının tərtibi və istifadə qaydasına ciddi riayət olunması, proqramda qeyd olunan dərs ilə jurnalda qeyd olunan dərsin uyğunsuzluğunun aradan qaldırılması, məktəblərdə tərtib olunmuş cədvələ uyğun növbətçiliyin aparılmasına, şagirdlərin geyiminə, səliqə və səhmanına, dərs cədvəlinə uyğun olaraq dərs vəsaitlərinin şagirdlər tərəfindən evdə və məktəbdə istifadə olunmasına və qorunmasına nəzarət, tədris zamanı dərs saatlarında valideynlərin məktəb binasında dərsin gedişatına maneçilik yaratmamalarının təmin olunması, fasilələrlə və daim məktəbə davam etməyən şagirdlər barəsində görülmüş tədbirlər, fərdi təhsilə nəzarətin gücləndirilməsi, hər ayın sonunda valideyn iclaslarının keçirilməsi, müəllimlərin dərs bölgüsünə uyğun dərs saatlarının aparılmasına nəzarət və s. məsələlər haqqında ətraflı söhbət açılıb. Qeyd olunan məsələlər barədə geniş müzakirələr aparılıb və aidiyyatı üzrə tapşırıqlar verilib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı qeyd olunan məsələlərin haqlı olaraq söylənilən məsələlər olduğunu qeyd edib və aradan qaldırılması üçün təhsil şöbəsinin əməkdaşları olaraq bundan sonra da böyük səylə çalışacaqlarını bildirib. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərinə minnətdarlığını bildirib.