İcra başçısı sərhəddə yerləşən Məzəm və Quşçu Ayrım kəndlərində olub
Dekabrın 17-də saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub. Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılmışdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının məsul şəxsləri ilə birlikdə dünən düşmən tərəfindən atəşə tutulan Quşçu Ayrım kəndində olub, sakinlərlə görüşüb.
“Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan məcburi küçkünlərimizin qayğılarını diqqət mərkəzində saxlayırıq, eləcə də sərhəddə yerləşən kəndlərdə yaşayan insanlarımıza da o cür qayğı ilə yanaşırıq. İcra başçısı bu gün rayonda sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıb.
Ölkə başçısı cənab İlham Əliyevin istər məcburi küçkün ailələrinə, istərsə də sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Qazaxda da olduğu kimi icra olunduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən digər sərhəd kəndləri kimi Quşçu Ayrım və Məzəm kəndlərini də daim diqqətdə saxladığını, sakinlərlə mütəmadi olaraq görüşdüyünü diqqətə çatdırıb.
“Özümə borc bildim ki, bu gün gəlim sizinlə görüşüm və qayğılarınızla maraqlanım”, - deyən icra başçısı kənd sakinləri ilə səmimi söhbət edib. Dünən baş vermiş atışmadən söz açan rayon rəhbəri bu gün sərhədlərimizin keşiyində mətin dayanan “Qazax” əlahiddə sərhəd diviziyasının əsgər və zabitlərinin ayıq-sayıqlığı sayəsində düşmənə layiqli cavabın verildiyini bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan güclü ordumuzun, sərhədçilərimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib.
Kənd sakinlərindən şəhid atası Abbas Mirzəyev, Misir Dünyamalıyev kənd sakinləri adından çıxış edərək ürək sözlərini bildiriblər. “Bu gün biz əminik ki, dövlətimiz, ölkə rəhbərimiz bizim arxamızdadır. Ən əsası da düşmənin bir gülləsinə 5 güllə ilə cavab verməyi, düşmənin hər bir həmləsini dəf etməyi bacaran bu cür ordumuz, sərhədçilərimiz var”, - deyən sakinlər dünənki atışmaya baxmayaraq kənddə normal həyat tərzinin olduğu kimi davam etdiyini, hər şeyin öz axarında olduğunu qeyd ediblər. Son 3 ildə sərhəd kəndlərində sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan sakinlər bunun bariz nümunəsi kimi Məzəm və Quşçu Ayrımda istinad divarlarının çəkilməsini göstəriblər. Bu günə kimi Məzəmdə 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsini, bundan əlavə, sakinlərin xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsinin nəzərdə tutulmasını, eyni zamanda kəndə rahat və təhlükəsiz şəraitdə gedib-gəlmək üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişinin bu il də davam etdirilməsini kənd camaatının təhlükəsizliyinin təmin olunması istiqamətində görülən məqsədyönlü işlər kimi qiymətləndiriblər.
Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri sonra dünən baş vermiş atışma zamanı zərər çəkmiş evlərə baxış keçirib, ev sahibləri ilə də görüşüb. Onların qayğıları ilə maraqlanaraq hər bir vətəndaşın diqqət mərkəzində olacağını bildirib.
Daha sonra rayon rəhbəri Məzəm kəndində olub, burada yaşayan sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə də maraqlanıb. Şəhid anası Tamella Süleymanova başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə onlara göstərdiyi qayğıya görə minnətdarlıq edib. Bugünkü görüşü onlara olan diqqətin, səmimi münasibətin əyani sübutu kimi qeyd edib.