Dəmirçilər kəndində səyyar görüş keçirilib
Bu gün ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən səyyar görüşün növbəti ünvanı Dəmirçilər kəndi olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yola saldığımız ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Ən əsası da sakinləri narahat edən məsələlər dinlənilib, qayğıları ilə maraqlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Bu il proqrama uyğun olaraq beşinci dəfədir ki, Dəmirçilər kəndində səyyar görüşün keçirildiyini qeyd edib.
“Ölkə rəhbərinin də söylədiyi kimi biz məmurların əsas vəzifəsi xalqa xidmət göstərməkdir. Bu cür görüşlərin keçirilməsi də məhz siz sakinlərin qayğılarının öyrənilməsinə xidmət edir. Çünki səyyar görüş zamanı qaldırılan məsələlər, səslənən fikirlər eşitmək üçün deyil, həlli istiqamətində əməli işlər görmək üçündür”, - deyən icra başçısı bugünkü görüşün də vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.
Səmimi söhbət əsasında keçən görüşdə ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü siyasətdən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından söhbət açılıb.
İcra başçısı ölkə rəhbərinin düşünülmüş siyasəti nəticəsində istər ötən ilin sonları, istərsə də bu il vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlardan da söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Son 3 ildə Respublika Prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açan rayon rəhbəri bu illər ərzində xeyli sayda işlərin görüldüyünü bildirib. Ötən illərdə olduğu kimi 2019-cu ilin də Qazaxın tarixinə abadlıq-quruculuq ili kimi yazıldığını bildirib. 2020-ci ildə də daha böyük işlərin həyata keçiriləcəyini söyləyib. Rayon rəhbəri bu gün Qazaxda bütün sahələrin inkişaf etdiyini diqqətə çatdıraraq abadlıq işlərində, kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələrdən danışıb.
Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidentinin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib.
İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi dəyərləndirib.
Rayon rəhbəri qeyd edib ki, hazırda rayonumuzda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün bunlar eyni zamanda xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir.
Görüşdə dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açılıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutu kimi göstərilib. Ölkə rəhbərinin qayğısı sayəsində uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər (4,5 km Ürkməzli-Dəmirçilər, 11,5 km Daş Salahlı) kənd avtomobil yolunun yenidən qurulması və sakinlərin istifadəsinə verilməsi sakinlərin rahatlığının təmin olunması istiqamətində görülən işlər kimi qiymətləndirilib. Yeni avtomobil yolunun çəkilməsini istər Ürkməzli, istərsə də Dəmirçilər kəndlərinin sakinləri bu gün də razılıq hissi ilə qarşıladıqlarını bildirib və ölkə başçısına bir daha minnətdarlıqlarını çatdırıblar.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Dəmirçilər kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin qarşıdan gələn ildə də davam etdiriləcəyini və Dəmirçilər kəndində də nəzərdə tutulacağını vurğulayıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir qayğı kimi göstərib. Eyni zamanda Qaymaqlı kənd tam orta məktəbin də əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. 35 yerlik Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında istilik sisteminin yenilənməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Dəmirçilər kəndində də həyata keçiriləcəyini, bundan əlavə, rabitə xətlərinin yenilənməsi sahəsində də məqsədyönlü işlərin görüləcəyini bildirib.
Sonra "Bugünkü görüşümüzün əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Kənd sakinlərindən Şahin İsmayılov, Xanım Hüseynova, Dəmirçilər kənd körpələr evi-uşaq bağçasının müdiri Ləman Miralayeva, görüşdə iştirak edən Ürkməzli kənd sakinlərindən Nüsrət Musayev, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son illər Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu gün xalqla dövlət arasında olan birliyi görəndə bir daha əmin oluruq ki, Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən olduğu kimi yerinə yetirilir. Bu gün biz sakinlərin qayğıları dinlənilirsə, qaldırdığımız ən xırda bir məsələ belə operativ şəkildə öz həllini tapırsa, bu, həmin uğurlu siyasətin və ölkə rəhbərinin bizlərə olan qayğısı deməkdir. Dövlət başçısının şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını çatdıran sakinlər onların maddi rifah hallarının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə güləş zalının tikintisi, Dəmirçilər kənd tam orta məktəbin həyətində idman qurğusunun quraşdırılması, Ürkməzli kəndində “Yavıxlı” adlanan ərazidə yolun asfaltlanması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.