İcra başçısı vətəndaşı müraciətinə əsasən evində ziyarət edib
Son 15 ildir ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən, bütün sahələrdə hər zaman ön planda tutulan vətəndaş amili respublikamızın hər yerində diqqət mərkəzində saxlanılır. Ölkə başçısının hər dəfə çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili hər bir dövlət məmurunun iş fəaliyyətinin əsasını təşkil etməlidir.
Ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onlara olan səmimi münasibəti Qazaxda da həmişə nümunəvi addım kimi örnək götürülür və bundan sonra da götürüləcəkdir. Rəhbər təyin olunduğu gündən icra başçısı Rəcəb Babaşovun sakinlərə olan səmimi münasibəti, vətəndaşlara olan diqqəti və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər bunun əyani göstəricisidir. Vətəndaşlar tərəfindən səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan köməklik edilməsi bir daha göstərir ki, vətəndaş amili rayon rəhbərinin iş fəaliyyətinin əsas tərkib hissəsidir. Ən əsası da vətəndaşa olan bu cür səmimi münasibət hər bir rayon sakinində Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu gün böyrək xəstəliyindən əziyyət çəkən və ayaqları tutulan Qarabağ müharibəsi veteranı, həmçinin şəhid ailəsi Süleymanov İlyas Cavad oğlunu müraciətinə əsasən evində ziyarət etməsi vətəndaşlara olan qağısının daha bir bariz nümunəsidir.
Şəhərin Ə.Süleymanov küçəsi ev 5, mənzil 52 ünvanında yaşayan İ.Süleymanovla görüşən rayon rəhbəri onu narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Vətəndaşın xəstəliyi ilə bağlı istəklərini dinləyən icra başçısı müalicə olunması, əvvəlki sağlamlığına qovuşması, ailəsinin arasına sağlam şəkildə qayıtması üçün lazımi köməkliyi göstərəcəyini qeyd edib. Vətəndaşın Bakı şəhərində xəstəxanalardan birində müayinə və müalicə olunması üçün göndərilməsi ilə əlaqədar adiyyatı şəxslərə tapşırıq verib.
İ.Süleymanov ona olan dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və müalicəsinə göstərilən köməyə görə ailəsi adından təşəkkürünü çatdırıb.