İcra başçısı Qarabağ qaziləri ilə görüşüb
Rəhbər təyin olunduğu ilk gündən hər zaman Qarabağ müharibəsi əlillərinin və veteranlarının yanında olan, diqqət və qayğısını onlardan əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram ərəfəsində də onları unutmayıb. Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə onlarla görüşüb, səmimi təbriklərini çatdırıb. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər zaman dövlətin, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
“Qazilər çay ocağı” evində səmimi söhbət əsasında keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə və məcburi köçkün ailələrinə göstərilən qayğıdan bir daha söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri seçilmiş Xasay Balayevi və yenidən müavin seçilmiş Namiq Alıyevi bir daha təbrik edib. Azərbaycan QMƏVŞAİB Qazax rayon şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. Onun birlikdə yaratdığı abu-havanın, əlillər arasında olan səmimi münasibətin və həmrəyliyin bundan sonra da onun istədiyi kimi olacağını qeyd edib.
Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ əlillərinə göstərilən dövlət qayğısından söz açan icra başçısı qeyd edib ki, siz qazilər bu qayğını hər an hiss etmisiniz. İstər yeni mənzillərin verilməsi, istər yeni avtomobillərin hədiyyə olunması, istərsə də sosial rifah halınızın yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlarla həmişə bu qayğının, dövlət dəstəyinin şahidi olmusunuz. Rayon rəhbəri qeyd edib ki, dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğısının nəticəsidir ki, hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək dövlət qayğısının onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha diqqətə çatdırıb.
İcra başçısı bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərildiyini bildirib. Məhz bu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsini, hərbçilərlə səmimi şəkildə görüşməsini göstərilən qayğının və ən yüksək insani keyfiyyətin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri bildirib ki, aprelin 3-də Qarabağ qaziləri ilə keçirilən səmimi görüşü izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. Həmin görüş onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa onların, eləcə də sizin kimi Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən mərd və igid oğulların arxasında, yanında dayanır.
“Hər zaman çalışmışam ki, atdığım addım Siz qazaxlıların başını uca etsin”, - deyən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu meyarı hər zaman ön planda tutduğunu vurğulayıb. “Bu millət, xalq, torpaq uğrunda döyüşən və sağlamlıqlarını itirərək əlil olan hər bir Qarabağ müharibəsi əlilinin yaxşı yaşamağa haqqı var”, - deyən icra başçısı son illər Qazaxda bu təbəqədən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb. Qeyd edib ki, bu gün Qazaxda ev növbəsində 190 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi dayanıb ki, onlardan 16 nəfəri üçün təkcə 2019-cu ildə ev tikilib. Hazırda son tamamlanma işləri görülür. Rayon rəhbəri digər Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı dövlət tərəfindən uğurlu addımlar atılacağını qeyd edib. Zamanla onların da ev məsələsinin öz müsbət həllini tapacağını əminliklə söyləyib. Bundan əlavə, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə daha 304 məcburi köçkün ailəsi üçün yeni yaşayış binalarının tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi veteranlarından və əlillərindən Rəhman Rüstəmov, Vaqif Xanbabayev, Nüsət Musayev, Qəzənfər Əliyev, Rəşad Qocayev və başqaları da çıxış edərək əvvəlcə ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib, müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Bugünkü görüşə görə minnətdarlıqlarını bildirən Qarabağ qaziləri qeyd ediblər ki, sizin hər dəfə bizlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki biz bu qayğını siz gələn ilk gündən hiss etmişik. Bu gün də fəxr edirik ki, sizin bizlərə olan qayğınız, səmimi münasibətiniz necə vardısa, elə də davam edir. Sizin hər gəlişiniz bizim qayğılarımızın həlli deməkdir. Bu gün biz qazilər rayon rəhbəri ilə deyil, sanki öz doğmamızla, qardaşımızla görüşüb, söhbət edirik. Çünki bu səmimiyyəti siz yaratmısınız. Bu gün əlamətdar bayramlar münasibətilə bizimlə görüşməyiniz bunu bir daha sübut etdi. Bu görüş bir daha göstərdi ki, biz hər zaman sizə arxalana bilərik, necə ki, indi də özümüzə arxa bilirik. Bu gün biz qazilər ona görə sevinirik ki, ölkə başçısının bizlərə olan qayğısını sizin timsalınızda hər an hiss edirik. Biz qazilər bu günlərdə sizin Qarabağ əlillərinə olan daha bir diqqət və qayğınızın şahidi olduq. Sizin Qarabağ qazisi İlyas Süleymanovun müalicəsinə etdiyiniz köməklik bir daha sübut etdi ki, İlyas kimi qazilərimiz tək deyil. Onun arxasında dayanan dövlətimiz, ölkə başçımız və sizin kimi rəhbərimiz var. Ən əsası da biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Həmin qürur hissini isə bizlərə yenə də dövlətimiz, dövlət başçımız, Birinci vitse-prezidentimiz və sizin kimi rəhbərimiz yaşadır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.