Qazaxda fərdi təhsilin mövcud vəziyyətinə dair müşavirə keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazaxda təhsil sahəsi prioritet sahələrdən hesab olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsini daim diqqət mərkəzində saxlaması, ölkə başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab etməsi bu sahəyə olan qayğının yüksək səviyyədə olmasından xəbər verir. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq keçirdiyi görüşlərdən, iclaslardan, müşavirələrdən, ən əsası da verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur. Məhz bu qayğının nəticəsidir ki, rayonda Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2019-cu il tarixli, F-442 nömrəli əmrinə əsasən 2019-2020-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi Tədris Planına uyğun olaraq keçirilən fərdi təhsil daim diqqət mərkəzində saxlanılır. Məlumat üçün qeyd edək ki, bu gün rayonda 17 məktəb üzrə 33 nəfəri fiziki, 18 nəfəri isə əqli qüsuru olan şagirdlər olmaqla 51 nəfər fərdi təhsilə cəlb olunub. Onlardan 8 nəfəri məktəbdə, 43 nəfəri isə öz evlərində fərdi qaydada təhsil alır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində icra aparatının, Rayon Təhsil şöbəsinin əməkdaşlarının, fərdi təhsil tədris olunan məktəblərin direktorlarının, tədris işləri üzrə direktor müavinlərinin, fərdi təhsil alan şagirdlərin valideynlərinin iştirakı ilə keçirilən müşavirə də rayonda bu sahəyə xüsusi həssaslıqla yanaşılmasından xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. İcra başçısı son illər ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışıb. Rayon rəhbəri bildirib ki, təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən bütün tədbirlər bir daha onu sübut edir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bunun üçün də son 15 ildir ki, uğurlu təhsil islahatı həyata keçirilir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsil sahəsinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini əyani şəkildə göstərir. Yola saldığımız 2019-cu ilin rayonda məktəb tikintisi baxımından uğurlu bir il olduğunu qeyd edən icra başçısı ilin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, hazırda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar tam orta məktəbin yüksək səviyyədə təmir olunmasını təhsil sahəsinə və gələcəyimiz olan uşaqlara göstərilən böyük dövlət qayğısı kimi qiymətləndirib.
İcra başçısı rayonda təhsilinin ildən-ilə inkişaf etməsi üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. Bundan başqa, rayonda fərdi təhsilə də böyük önəm verildiyini qeyd edib. Dövlət tərəfindən sağlamlıq imkanları məhdud və fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şagirdlərin fərdi təhsilə cəlb olunması üçün mühüm işlər görüldüyünü bildirib. Bugünkü müşavirənin məqsəd və əhəmiyyətindən söz açan icra başçısı 2019-2020-ci tədris ilində fərdi təhsilin hazırki vəziyyətini, bu sahədə mövcud olan çatışmazlıqları müzakirə etmək olduğunu qeyd edib. Məktəblər üzrə keçirilən fərdi təhsillə bağlı ciddi iradlarını çatdıran rayon rəhbəri aidiyyatı şəxslərə öz işlərində dönüş yaratmalarını bildirib. Hər zaman olduğu kimi bundan sonra da bu sahənin daim diqqət mərkəzində olacağını vurğulayıb.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək fərdi təhsillə bağlı bildirilən məsələlərin haqlı olaraq söylənilən məsələlər olduğunu qeyd edib və aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyini söyləyib. Rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərinə minnətdarlığını bildirib.
Fərdi təhsilə cəlb edilən şagirdlərin valideynləri də bugünkü görüşü həm təhsil sahəsinə, həm də onların övladlarına göstərilən qayğı kimi qiymətləndiriblər. Fərdi təhsil sahəsinə ayrılan xüsusi diqqətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.