İcra başçısı bayram ərəfəsində mərkəzi bazarda sakinlərlə görüşüb
Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövlətində bütün sahələrdə vətəndaş amili ön plana çəkilir. Həyata keçirilən layihələr, məqsədyönlü işlər, imzalanan çoxsaylı Fərman və Sərəncamlar birbaşa vətəndaş amilinə xidmət edir. Bunu ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi də bir daha sübut edir ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir sözlə, vətəndaşlara olan diqqət və qayğı bütün işlərdə hər zaman yüksəkdə dayanır.
Dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı atdığı nümunəvi addımlar Qazaxda da hiss olunur. Bunu son 3 ildə rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan diqqət və qayğının üstün tutulmasından aydın şəkildə görmək olar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz nümunəsi isə sakinlərlə keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını əsas götürməsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də “Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkəzi bazarda olub, sakinlərlə görüşüb. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 2020-ci ilin ölkəmiz və xalqımız üçün düşərli bir il olmasını diləyib. “Fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən eşidim”, - deyən icra başçısı bugünkü görüşün də məhz bu məqsədi daşıdığını bir daha qeyd edib. Onlara olan diqqət və qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb.
Sonra rayon rəhbəri mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb və bununla bağlı tapşırıqlarını verib.
Rayon rəhbərini səmimiyyətlə qarşılayan sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, sakinlərə olan qayğının yüksək səviyyədə olmasını, ənənəvi hal alan bu cür görüşlərin keçirilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi yaratdığını söyləyiblər. Ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və Sərəncamlardan, vətəndaşlara olan dövlət qayğısından söz açan sakinlər razılıqlarını bildiriblər.