Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhərin yeni su və kanalizasiya sisteminin çəkilişi vəziyyətinə dair növbəti iclas keçirilib

26 dekabr 2019 | 16:00

Bildiyiniz kimi artıq xeyli müddətdir ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq həyata keçirilir. Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su və kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması da məhz icra başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasının əyani sübutudur. Bundan əlavə, çəkilişlərə başlanılan gündən etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətində şəhərin su və kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar görülmüş işlərə dair növbəti iclas keçirilib. Komissiya üzvlərinin və aidiyyatı şəxslərin iştirak etdiyi iclasda bu günə kimi həyata keçirilən işlərdən, su və kanalizasiya xətti çəkilmiş küçələrdəki mövcud vəziyyətdən danışılıb, görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasını 2019-cu ilin ən yadda qalan hadisələrindən biri kimi qiymətləndirib. Ölkə başçısının bu qayğısını rayon ictimaiyyəti, ağsaqqallar və ziyalıların bu gün də razılıq hissi ilə qarşıladıqlarını və buna görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdiklərini diqqətə çatdırıb.
Rayon rəhbəri qeyd edib ki, həmişə olduğu kimi, bugünkü iclasın da əsas məqsədi su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaqdır. Rayon rəhbəri çəkilişlə əlaqədar olaraq qazıntı işləri aparılan zaman köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə, aparılan qazıntı işlərinin, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulmasına, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalmasına ciddi nəzarət olunmasını qeyd edib. Qış mövsümü ilə əlaqədar olaraq çəkiliş zamanı xüsusilə də qaz borularının, elektrik və su xətlərinin zədələnməməsinə üstünlük verilməsini bildirib və bununla bağlı tapşırıqlarını verib.
“Bizə çəkilişin tez bir zamanda başa çatması deyil, işin keyfiyyətlə aparılması lazımdır”, - deyən icra başçısı istər su, istərsə də kanalizasiya xəttinin çəkilişinin günün tələbləri səviyyəsində çəkilməsini vurğulayıb. Bu sahənin daim nəzarətdə olacağını və bu cür görüşlərin də məhz bu məqsədi daşıdığını bir daha qeyd edib.
Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov görülən işlər haqda məlumat verərək bildirib ki, hazırda şəhərin Mehdi Hüseyn, M.P.Vaqif, Azadlıq, S.Vurğun-H.Z.Tağıyev küçəsinin kəsişməsi, Bakı, eləcə də adları qeyd edilən küçələrin döngə və dalanlarında su və kanalizasiya xəttinin çəkilişinin aparıldığını bildirib. Layihə rəhbəri bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 61,36 %, su təchizatı borularının quraşdırılması üzrə isə 50,31% işlərin yerinə yetirildiyini qeyd edib.
Qazax rayonu içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması və Yol tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov da su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıblar. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunduğunu, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirildiyini bildiriblər. Görülməsi nəzərdə tutulan işlərdən söz açaraq qarşıdan gələn növbəti ildə anbar tikintisinin, subartezian quyularının qazılması, eləcə də çəkilişi başa çatan və test olunaraq yoxlanılan küçələrdə asfalt örtüyün vurulması işlərinin həyata keçiriləcəyini qeyd ediblər.
Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov görülən işlər haqqında fikirlərini bildirərək öz təklif və tövsiyələrini verib. Gündən-günə inkişaf edən Qazaxda su və kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə müsbət həllini tapmasını yüksək qiymətləndirib. 
Məlumat üçün qeyd edək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər