Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar sektor getdikcə daha çox gəlirli sahəyə çevrilir

27 dekabr 2019 | 16:00

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən olaraq qalır. Bu yöndə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verir. Ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına göstərilən bu dövlət qayğısı nəticəsində regionlarda həm işsizlik aradan qaldırılır, həm də əhalinin sosial vəziyyəti yaxşılaşır.
Ölkəmizdə aqrar sektorun inkişafında Qazax rayonunun da payı var. Rayonda boş qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsi və bu zaman intensiv texnologiyalara üstünlük verilməsi sayəsində məhsul istehsalı nəzərəçarpacaq dərəcədə artmışdır. Bunu illər üzrə rəqəmlərdə də aydın görmək olar. Məsələn, əgər 2016-cı ildə rayon üzrə 16520,6 hektarda əkin aparılmışdısa, 2019-cu ildə həmin rəqəm 21476,3 hektara çatmışdır. 2020-ci ildə isə bu göstəricinin 21594 hektara çatdırılması nəzərdə tutulur.
Dövlət tərəfindən güzəştli qiymətlərlə gübrə, lazım olan texnika ilə təminat, eləcə də hər hektara görə subsidiyaların verilməsi sadə kənd adamlarında taxılçılığa marağı xeyli artırmışdır. Bunun nəticəsidir ki, əgər 2016-cı ildə rayonda 7820 hektar taxıl əkilmişdisə, cari il 12 min 555 hektarda taxıl yetişdirilmişdir. Əkilən taxılın 8 min 305 hektarı buğda, 4 min 250 hektarı arpa olmuşdur. Taxılçılar zəmilərdən 42 min 330 ton məhsul toplamışlar. Gələn il isə ümumilikdə 12600 hektar sahədə taxıl yetişdirilməsi nəzərdə tutulur.
Qazaxda baramaçılıq da sürətlə inkişaf edir. Artıq 4 ildir ki, rayonda barama istehsalı dinamik artır. Əgər rayon üzrə 2016-cı ildə 1502, 2017-ci ildə 4623, 2018-ci ildə 6260 kiloqram yaş barama istehsal olunmuşdusa, cari il bu sahədə daha böyük uğur qazanılmışdır. Belə ki, rayon kümçülərinin gərgin əməyi nəticəsində 7667,5 kiloqram yaş barama tədarük olunmuşdur.
Rayonda iqtisadi cəhətdən gəlirli sahələrdən olan tütünçülüyün inkişafı da diqqət mərkəzində saxlanılır. 2016-cı ildə cəmi 10 hektarda tütün əkən qazaxlılar 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmışlar. Həyata keçirdikləri aqrotexniki tədbirlər nəticəsində tütünçülər 80 tondan çox məhsul götürmüşlər. 2018-ci idə isə tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırmışlar. Həmin il sahələrdən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir. Cari ildə də tütünçülərin uğurları kiçik olmamışdır. Belə ki, rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci və İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout və Fərəhli kəndlərində ümumilikdə 65 hektar tütün əkilmiş və emal müəssisələrinə 108,7 tondan çox qurudulmuş tütün təhvil verilmişdir.
Rayonda ənənəvi kənd təsərrüfatı sahələrindən olan kartofçuluğun inkişafına da qayğı göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində hər il sahələrdən bol məhsul götürülür. Təkcə son 3 ildə əkin sahələrinin həcmi 234 hektar artırılaraq 1320 hektara çatdırılmış və nəticədə 40 min ton kartof tədarük edilmişdir.
Təbiidir ki, bol su bol məhsul deməkdir. Bunu nəzərə alan rayon rəhbərliyi sözügedən istiqamətdə hər il tədbirlər həyata keçirir. Cari ildə də nəzərdə tutulan işlər vaxtında yerinə yetirilmişdir. Gələn il əkin sahələrinin vaxtında suvarılması üçün indidən təmizlik işlərinə başlanılmışdır.


Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
27 dekabr 2019-cu il

Keçidlər