İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən işlərlə tanış olub
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində bütün sahələr kimi mədəniyyət sahəsinin tərəqqisi, inkişafı da daim diqqət mərkəzində saxlanılır. Son illər istər paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artması bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı diqqət mərkəzindədir. Ötən yazılarımızda da məlumat verdiyimiz kimi artıq iki aydır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu, dövlətimiz tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan diqqət və qayğı deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Etibar Məmmədov hazırda görülən işlər barədə məlumat verərək otaqlarda astar-üzlük, binanın xarici fasadında isə lazımi hissələrə aqlay vurulduğunu qeyd edib.
Görülən işlərlə yaxından tanış olan rayon rəhbərliyi bütün işlərin keyfiyyətlə aparılmasını bildirib və tapşırıqlarını verib.
Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.